Azərbaycanlı alimin elmi tədqiqat işləri ilə bağlı Almaniya səfəri uğurlu olmuşdur
Bakı, 12 aprel (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun maye fazada oksidləşmə laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Eldar Zeynalov Almaniyada səfərdə olmuşdur.
Professor E.Zeynalov AZƏRTAC-a bildirmişdir ki, səfərin məqsədi Materiallarının Tətbiqi və Testləşdirilməsi Alman Federal İnstitutu (BAM) ilə birgə 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant mükafatına layiq görülmüş “Plazma-kimyəvi funksionallaşdırma və piroliz yolu ilə odadavamlı, antioksidləşdirici və yüksək katalitik xassələrə malik müxtəlif növ karbon nanostrukturların alınması” layihəsinin elmi tədqiqat işlərini davam etdirmək olmuşdur. Nəzərdə tutulmuş işlər yüksək səviyyədə və uğurla yerinə yetirilmişdir. Eksperimentlərin nəticəsində (-Br), (-NH2) və (-NH)-R-NO qrupları ilə funksionallaşdırılmış 15 yeni modifikasiya olunmuş çox divarlı karbon nanoboruları alınmışdır ki, sonralar da onların polietilen və neft kompozisiyalarının tərkibində sınaqlara cəlb edilməsi nəzərdə tutulmuşdur.
Qeyd edək ki, BAM-ın imkanlarından istifadə edərək dünyanın “Web of Sciense, Web of Knowledce” istinad bazalarının vasitəsilə lazımi ədəbiyyat materialları toplanıb sistemləşdirilmişdir. Bazaların məlumatlarına görə E.Zeynalovun alimlər və mütəxəssislər üçün dünyada qəbul edilmiş elmi fəaliyyətini və nüfuzunu əks etdirən İmpakt faktoru (Hirsch İndeksi) 9-a bərabərdir ki, bu əmsal da ölkə alimləri üçün yüksək rəqəmdir.
Eldar Zeynalovun ABŞ, Asiya və Avropanın alimləri ilə birgə aparılan tədqiqat işlərinin nəticəsi müxtəlif xarici jurnallarda 30-a yaxın elmi əsəri nəşr olunmuşdur. Onun “Polimer materialları üçün antioksidantlar” mövzusunda monoqrafiyası çap edilmiş bu istiqamət üzrə müxtəlif illərdə beynəlxalq səyyar qrantlara layiq görülmüşdür.