Azərbaycanlı hərbi həkimlər dünyada ilk dəfə nadir əməliyyat keçiriblər
Bakı, 4 dekabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həkimlər dünyada ilk nadir əməliyyat keçiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Klinik Hospitalın Ürək-Damar Mərkəzinin rəisi, həkim-mütəxəssis Anar Əmrah dekabrın 4-də keçirdiyi mətbuat konfransında məlumat verib.
Anar Əmrah bildirib ki, kəskin miokard infarktı ilə bu il noyabrın 15-də müraciət etmiş 51 yaşlı Şahin Qurbanov təcili angioqrafiya nəticəsində ektazik - yəni genişlənmiş tac ana damarın tamamən trombla tutulması aşkar edilib. Xəstəyə ənənəvi metodlarla balon müdaxiləsi və trombolitik damarların tətbiqinə baxmayaraq nəticə əldə olunmadı. Xəstənin damarının genişliyi normadan 6 dəfə geniş idi. Böyük damarlardakı trombu əritmək üçün tətbiq edilən kateterlə gücləndirilmiş ultrasəs dalğaları ilə trombolizis bu xəstəyə uyğun olduğu üçün dünyada ilk dəfə tac arteriyasına tətbiq etdik və uğurlu nəticə əldə etdik. On iki saatlıq müalicədən sonra damarlara təkrar angioqrafiya ilə baxıldı və tromb ilə tutulmuş damarların tamamilə açılması görüldü. Klinik olaraq xəstədə sürətli yaxşılaşma müşahidə edildi və kafi vəziyyətdə evinə yazıldı. Çox sevindirici haldır ki, bu uğurlu nəticəyə dünyada ilk dəfə azərbaycanlı hərbi həkimlər nail olublar.
Anar Əmrah deyib ki, Azərbaycanda ilk dəfə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-Damar Mərkəzində noyabrın 8-də həyata keçirilən digər bir əməliyyat 73 yaşlı xəstə üzərində aparılıb. Aorta qapağının darlığı ilə ürəyinin atım fraksiyası 25 faiz olan xəstədə anesteziya verilmədən bud arteriyasından girilərək kateter ilə döş qəfəsi açılmadan aorta qapağının yerləşdirilməsi həyata keçirildi. Aparılan uğurlu əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılıb.
Həkim-mütəxəssis deyib: “Bu gün əminliklə deyə bilərik ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tibbi təminatı və kadrları ilə xəstələrə və yaralılara ən yüksək səviyyədə tibbi yardım göstərmək iqtidarındadır. Bizə bu imkanları yaratdığına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə və müdafiə nazirinə dərin minnətdarlığımızı bildiririk”.
Əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini söyləyən xəstə Şahin Qurbanov Azərbaycanda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkürünü bildirib.