Azərbaycanlı iqtisadçı-alim Dünya Bankının “Business Ready 2026” sertifikatına layiq görülüb
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycanlı iqtisadçı-alim Nazim Şükürov “World Bank Group”un eksperti kimi “Business Ready 2026” layihəsinə verdiyi peşəkar töhfəyə görə təşəkkür sertifikatı ilə təltif edilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Business Ready” Dünya Bankı Qrupunun biznes mühitini mikroiqtisadi baxımdan qiymətləndirən əsas korporativ hesabatıdır. Hesabat şirkətlərin həyat dövrü əsasında investisiya mühiti, biznesin yaradılması və inkişafı üçün normativ-hüquqi baza, dövlət xidmətlərinin səmərəliliyi, rəqabət və innovasiya imkanlarını qiymətləndirir.
Nazim Şükürova təqdim olunan sertifikatda onun “Business Ready 2026” layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib. Dünya Bankının “Business Ready” bölməsinin meneceri Valeria Perotti tərəfindən Nazim Şükürova ünvanlanmış məktubda bildirilib ki, onun fəaliyyəti “siyasətləri məlumatlandırmaq və mənalı dəyişikliklərə səbəb olmaq potensialına malik qabaqcıl qlobal resursun formalaşmasına” töhfə verir.
Bu təltif alimin beynəlxalq səviyyədə aparılan qiymətləndirmə prosesində ekspert kimi iştirakını və “Business Ready” layihəsinə verdiyi töhfəni təsdiqləyir.