Azərbaycanlı pedaqoqlar Qroznıda beynəlxalq yay məktəbində iştirak edirlər
Moskva, 25 sentyabr, AZƏRTAC
Qroznıda Azərbaycan müəllimlərinin iştirakı ilə II Beynəlxalq Pedaqoji Yay Məktəbi keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir Çeçenistan Dövlət Pedaqoji Universitetinin bazasında təşkil olunub. Məktəbdə Azərbaycanın beş şəhərindən – Bakı, Gəncə, Sumqayıt, Şamaxı və Xaçmazdan 20 pedaqoq iştirak edir.
Yay məktəbinin proqramı Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlıq çərçivəsində Qroznıda və Moskvada həyata keçirilir. Bu il təhsil proqramının əsasını “Pedaqoji ustalığa yiyələnmə vasitəsi kimi polikultural mühitdə rus dili” kursu təşkil edir.
Proqramda iki ölkə arasında tarixi yaddaşın qorunmasına, eləcə də mədəni və humanitar əlaqələrə həsr olunan tədbirlərə xüsusi yer ayrılıb.
Yay məktəbinin iştirakçıları Çeçenistan Respublikasının ilk Prezidenti, Rusiya Qəhrəmanı Əhməd-Hacı Kadırovun memorial abidəsini ziyarət ediblər. Azərbaycan nümayəndələri və Çeçenistan Dövlət Pedaqoji Universitetinin təmsilçiləri abidənin önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.
Daha sonra azərbaycanlı pedaqoqlar Qroznıda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Xatirə tədbirləri “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ucaldılmış memorial abidənin önünə gül dəstələrinin qoyulması və faciə qurbanlarının yad edilməsi ilə başa çatıb.