Azərbaycanlı professor Avropanın ən reytinqli cərrahi forumunda məruzə ilə çıxış edib
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 23-25-də Almaniyanın Lübek şəhərində Minimal İnvaziv Cərrahiyyənin ən müasir nailiyyətlərinə həsr olunmuş beynəlxalq səviyyəli konqres keçirilib. Bir əsrə yaxın tarixi olan bu konqres ilk öncə Almaniya, Avstriya və İsveçrə cərrahları tərəfindən təsis edilib. Konqresin işində azərbaycanlı cərrah, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Kolorektal cərrahiyyə bölümünün rəhbəri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının sədr müavini, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri professor Qurbanxan Müslümov da avropalı həmkarları ilə cərrahiyyənin ən mürəkkəb sahələrindən biri olan mədəaltı vəzin müxtəlif cərrahi xəstəliklərinin laparoskopik cərrahiyyə barəsində məruzə ilə çıxış edərək, bu sahədə öz təcrübəsi ilə bölüşüb.
Professorun AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, inkişaf etmiş Avropa ölkələrindən gəlmiş 300-ə yaxın cərrahın iştirak etdiyi konqresdə müasir cərrahiyyənin bu günü və gələcəyi hesab olunan invaziv və laparoskopik cərrahiyyə, onun nailiyyətləri və perspektivləri müzakirə edilib. Məruzəçi və iştirakçılar qaraciyər, mədəaltı vəz, qida borusu, yoğun bağırsağın müxtəlif cərrahi xəstəliklərinin laparoskopik-minimal invaziv müalicəsinin bugünkü durumu, bu sahədə əldə edilmiş son nailiyyətlər, perspektivlər müzakirə edilib və təcrübələri ilə bölüşüblər.
Qeyd edək ki, mədəaltı vəzin şişləri və digər mürəkkəb xəstəlikləri zamanı laparoskopik əməliyyatlar dünyada, eləcə də Avropada çox az sayda klinikalarda və çox məhdud saylı cərrahlar tərəfindən icra edilir. Azərbaycanlı cərrahın bu sahədə təcrübəsi Avropalı həmkarları tərəfindən çox maraqla qarşılanıb və çıxış ətrafında çox maraqlı müzakirələr aparılıb. Bu tip mürəkkəb əməliyyatların ölkəmizdə də uğurla icra edilməsi Azərbaycanda tibbin və cərrahiyyənin inkişafı və bütövlükdə Azərbaycanın nailiyyəti hesab edilə bilər.