Azərbaycanlı rejissor Qazaxıstanda türkiyəli dramaturqun pyesini səhnələşdirib









Bakı, 7 fevral, Anara Axundova, AZƏRTAC
Fevralın 7-də Qazaxıstanın Karaqanda şəhərində DAT teatrında ekzistensial oyun janrında hazırlanan “21:15 qatarı” tamaşasının premyerası baş tutub. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayevdir. Eyniadlı pyesin müəllifi türkiyəli dramaturq Toyqun Orbaydır. Tamaşa qazax dilində səhnələşdirilib.
“21:15 qatarı” DAT teatrının repertuarına daxil edilib, bir sıra beynəlxalq teatr festivallarında da iştirak edəcək.
Tamaşada rolları Dunay Espayev, Aygerim Asanova və Bauırjan Nurmaqanbetov ifa ediblər.
AZƏRTAC-ın müxbiri ilə söhbəti zamanı rejissor Mikayıl Mikayılov bu layihənin necə yaranması barədə danışıb.
“DAT teatrının rəhbəri Dunay Espayev məni Qazaxıstana dəvət etdi ki, onların teatrında tamaşa səhnələşdirim. Bu, yeni teatrdır, yeni açılıb. Beləliklə, mən də onun yaranmasında öz töhfəmi verirəm. Nə üçün məhz bu pyesin seçilməsinə gəldikdə, deyə bilərəm ki, burada bir çox əlaqəli faktorlar var: bu pyesin müəllifi türkdür, tamaşada qazax artistlər də rol oynayırlar, azərbaycanlı rejissor səhnələşdirir, quruluşçu rəssamı da azərbaycanlıdır. Bir növ üç türk ölkəsinin birliyidir. Layihənin əsasını da bu ideya təşkil edib. Dramaturq Toyqun Orbayla söhbət etmişik, layihənin baş tutmasına çox sevinib. “21:15 qatarı” tamaşasının Bakıda keçirilmiş premyerasında iştirak edib. Elə həmin vaxt ona bildirdim ki, ola bilsin, pyesi Qazaxıstanda da səhnələşdirdik”, - deyə rejissor əlavə edib.
Rejissorun sözlərinə görə, səhnələşdirmə çox maraqlı keçib. Tamaşanın qazax dilində olmasının çətinliyinə fikir verməyib.
“Qazaxıstanda bu, beşinci tamaşamdır. Bu ölkənin teatr mühiti ilə artıq tanışam. Bundan başqa qazax dili türk dilidir, bu səbəbdən dilin çox hissəsini başa düşürəm. Qazax həmkarlarımla işləməklə bağlı təəssüratlarım çox yaxşıdır. Qısa müddət ərzində, cəmi üç həftəyə layihəni həyata keçirdik. İşimiz operativ və intensiv gedirdi. Deməliyəm ki, tamaşanın mətni ağırdır, pyesdə dialoqlar çoxdur və onları “teatr dilinə çevirmək” lazım idi. Lakin qazax aktyorlar bu mətni rahat mənimsəyərək, səhnədə rollarını çox təbii oynadılar”, - deyə rejissor qeyd edib.
Mikayıl Mikayılov vurğulayıb ki, qazax tamaşaçılara türk müəllifin, qazax aktyorların və azərbaycanlı rejissor və rəssamın birgə əməkdaşlığı kimi “21:15 qatarı” tamaşası da çox maraqlı gəlib. Bundan başqa, həmsöhbətimiz Qazaxıstan teatrları ilə gələcək əməkdaşlıq planlarını da bölüşüb.
“DAT teatrı ilə gələcəkdə yeni layihələr üzərində işləyəcəyik. Bu ilin mayında Taraz şəhərinə səfər edəcəyəm. Ya “Leyli və Məcnun”, ya da “Fərhad və Şirin” tamaşasını səhnələşdirmək üçün bu şəhərə dəvət olunmuşam. Hazırda bu layihə ilə bağlı danışıqlar gedir”, - deyə rejissor sonda vurğulayıb.
Dramaturq Toyqun Orbay tamaşanın səhnələşdirilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşım edərək qeyd edib ki, pyesini Qazaxıstan teatrında görmək ona xoş hisslər yaşadıb.
“21:15 qatarı” əsərinin süjet xəttinə əsasən bir qadın və kişi dəmir yolu vağzalında görüşürlər. Onlar 21:15 qatarını gözləyirlər, lakin hesab edirlər ki, qatar daha gəlməyəcək. Onlar gözlədikləri vaxt ərzində incəsənət, musiqi, həyatın mənası haqqında söhbət edirlər. Əsas qəhrəmanlar həm də stansiya rəisi ilə tanış olurlar. Rəis onlara qatarların heç vaxt dayanmadığı vağzalı necə idarə etmək barədə danışır...
Azərbaycan Dövlət Yuğ Teatrında “21:15 qatarı” tamaşasının premyerası 2024-cü ilin mayında uğurla baş tutub. Pyes həm Azərbaycan, həm də xarici tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.