Azərbaycanlı tələbələr Türkiyənin aparıcı stomatoloji mərkəzində təcrübə keçəcəklər
Bakı, 8 oktyabr (AZƏRTAC). Oktyabrın 8-də Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov Türkiyənin tibb sahəsində tanınmış mütəxəssisləri ilə görüşdü. ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında tibb təhsilində əməkdaşlıq məsələləri müzakirə olundu.
Əhliman Əmiraslanov qonaqlara universitet haqqında məlumat verdi. Hazırda ATU-nun klinikalarında tədris kafedralarının yerləşdiyini vurğulayan rektor rezidentlərin Türkiyədə təcrübə keçmələri üçün bu ölkə ilə əməkdaşlığa ehtiyac olduğunu bildirdi.
Türkiyədə təhsil almaq istəyən tələbələrin qəbulu ilə məşğul olan professor Okan Yeşilot ölkəsində azərbaycanlı gənclərin daha çox tibb sahəsində təhsil almalarının tərəfdarı olduqlarını bildirdi. Onun sözlərinə görə, azərbaycanlı tələbələr bir neçə illiyə Ankara, İzmir və İstanbulda nüfuzlu tibb müəssisələrində həm oxuyub, həm də təcrübə keçə bilərlər.
İstanbulda özəl diş klinikasının sahibi, dünyada ilk dəfə olaraq ağız boşluğuna implant yerləşdirən İlker Erdoğan isə stomatologiya sahəsində əməkdaşlıq edə biləcəklərini vurğuladı. Onun sözlərinə görə, rəhbərlik etdiyi stomatologiya mərkəzində 2009-cu ildən etibarən Almaniya ilə eyni vaxtda naviqasiyalı (robotik cərrahi yönləndirmə sistemi) implant qoyulur: “Bu əməliyyat dünyada təxminən 5 dental mərkəzdə icra olunur ki, onlardan biri də bizim klinikadır. Mən böyük məmnuniyyətlə azərbaycanlı tələbələrə bu sahədə dərs keçə bilərəm”, -deyə İlker Erdoğan bildirdi.
Qonaqlar ATU-nun Stomatoloji Klinikasındakı şəraitlə tanış olduqlarını, burada tələbə və rezidentlər üçün yaradılan şəraiti çox bəyəndiklərini dilə gətirdilər.
Görüşün sonunda ATU-nun tələbə və rezidentlərinin Türkiyədə təcrübə keçmələri ilə bağlı əməkdaşlığa dair protokol hazırlanmasına dair ilkin razılıq əldə olundu.