Azərbaycanlı və gürcü gənclər Qafqazda sülh istəyirlər
Tbilisi, 14 fevral, AZƏRTAC
Fevralın 14-də Tbilisidə “Qafqazda sülh: Gürcüstan-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsində gənclərin rolu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası (GAHA) ilə Azərbaycanın “İslahatçı Gənclər” İctimai Birliyinin birgə keçirdiyi tədbirdə azərbaycanlı və gürcü gənclər, elm və siyasət adamları, tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, müstəqilliyi uğurunda şəhid olan qəhrəmanların xatirəsi ehtiramla yad olunub.
GAHA-nın təsisçisi, hüquqşünas Əli Bədirov Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq əlaqələrindən danışıb. Bildirib ki, Azərbaycan və gürcü xalqlarının dövlətçilik və müstəqillik uğurundakı mübarizə tarixində də oxşarlıq var. Lakin təəssüflər olsun ki, bu gün bəzi qüvvələr həm ikitərəfli münasibətlərimizə zərbə vurmağa, həm də hamımızın evi olan Qafqazda münaqişələr yaratmaqla sabitliyi pozmağa çalışırlar. Bu gün sağlam gənclik bunu görür və başa düşür. Konfransın məqsədi də Qafqazda sülhə və sabitliyə, inkişafa, Gürcüstan-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə nail olmaq üçün həmin gənclərin fikirlərini öyrənməkdir.
Gürcü politoloq Giorgi Qoqua Azərbaycan-Gürcüstan dostluğunun tarixinə nəzər salıb. O, 1918-ci ilin mayında Azərbaycanın və Gürcüstanın Tbilisidə müstəqillik bəyannamələrini qəbul etdiklərini xatırladıb. Bildirib ki, 1989-1990-cı illərdə keçmiş sovet respublikaları müstəqillik uğrunda yenidən mübarizəyə qalxdılar. 1989-cu ilin 9 aprel tarixində Gürcüstan verdiyi qurbanlar hesabına müstəqilliyinə qovuşdu. Həmin dövrdə Azərbaycan digər qonşularımızdan fərqli olaraq bizə dəstək oldu. Azərbaycan xalqı 9 Aprel hadisələrinin acı nəticələrindən qorxmayaraq mübarizəsini davam etdirdi, 1990-cı ilin 20 yanvar tarixində bizdən də çox qurbanlar, şəhidlər verərək müstəqilliyinə qovuşdu. Bu gün həm Azərbaycan, həm də Gürcüstan regionda sabitlik, sülh və tərəqqi uğurunda birgə mübarizə aparırlar. Lakin bəzi qüvvələr bu gün ən çirkin əməllərlə bizim münasibətlərimizi korlamağa çalışırlar. Biz gənc siyasətçilər olaraq buna imkan verməyəcəyik.
Sonra “Gənc İslahatçılar” İctimai Birliyinin sədri Fərid Şahbazlı, gürcü siyasi ekspert və şərhçi Alika Quçua, qafqazşünas Nodar Tabadze, ekspert Əhməd Şahidov, elmi araşdırmaçı Emilya Allahverdiyeva və başqaları çıxış ediblər.
Bir neçə gün əvvəl Gürcüstanın Axalkalaki bölgəsində erməni terrorçuya abidə qoyulmasını kəskin tənqid edən gənclər bunun Gürcüstan dövlətinin mövqeyinə zidd olduğunu vurğulayıblar. Bildirilib ki, erməni separatçıları əli günahsız insanların qanına bulaşmış, Gürcüstanın Abxaziya və Azərbaycanın Dağlıq Qarabağ bölgələrində dinc insanlara divan tutmuş M.Avakyana büst qoymaqla öz iyrənc xislətlərini bir daha ortaya qoydular.
Tədbirdə Azərbaycanın və Gürcüstanın sərhədyanı bölgələrinin gəncləri arasında əməkdaşlığın qurulmasının vacibliyi qeyd edilib. Bildirilib ki, aprelin sonlarında Azərbaycanda da belə bir tədbir keçiriləcək. Bu yolla azərbaycanlı və gürcü gənclərin platforması yaradılacaq.
Sonda Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında fərqlənən bir qrup gürcü gəncə diplom, tərifnamə və hədiyyələr təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi