İQTİSADİYYAT
“Azercell”in dəstəyi ilə “Big Data Day Baku 2016” tədbiri keçirilib
Bakı, 19 may, AZƏRTAC
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı, “Azercell”in dəstəyi ilə Qafqaz Universitetində “Böyük Həcmli Verilənlər Günü - Bakı 2016” (Big Data Day Baku 2016) beynəlxalq forumu keçirilib. "Böyük Həcmli Verilənlərin Böyük Biznes Dəyərə Çevrilməsi" şuarı altında keçirilən tədbirdə bu sahədə öz həlləri ilə tanınmış “IBM”, “Oracle”, “Microsoft”, o cümlədən “Azercell” və “ATL” yerli şirkətlərinin ekspertləri məruzələrlə çixiş ediblər.
“Azercell Telecom”dan AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi cəmiyyətdə Böyük Həcmli Verilənlərin (Big Data) gətirdiyi yeni imkanlar və çətinliklər haqqında fikirləri daha da artırmaq, biznes, sənaye və dövlət orqanları ilə verilənlərin analizi texnologiyalarının inkişafına dair təcrübələri paylaşmaq, tələbələri və gənc tədqiqatçıları bu sahədə karyera qurmağa və Verilənlər Elmi (Data Science) sahəsində tədqiqat aparmağa həvəsləndirməkdir.
Tədbirdə maliyyə, enerji, telekom, marketinq sahələri üzrə çalışan şəxslər, sahibkarlar, tədqiqatçılar, dövlət nümayəndələri və tələbələr iştirak ediblər.