İQTİSADİYYAT
“Azərişıq”ın nümayəndələri bir sıra nominasiyalar üzrə mükafatlarla təltif olunub
![](/files/galleryphoto/2022/3/1200x630/16687766274738048266_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/16687766275618258449_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/16687766273129720316_1200x630.jpeg)
Bakı, 18 noyabr, AZƏRTAC
Böyük Britaniyanın London şəhərində Birləşmiş Krallığın nüfuzlu və peşəkar mühasib təşkilatı - Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun (ICB/ICFM Global) ənənəvi sammiti keçirilib. Tədbirdə Avropanın və MDB-nin beynəlxalq peşəkar mühasib təşkilatlarının və aparıcı şirkətlərinin nümayəndələri, mühasibat, vergi, investisiya, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssisləri, mühasib və maliyyə menecerləri iştirak edib.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, səfər ərzində ölkəmiz üçün əlamətdar və tarixi gün olan Zəfər Günündə nümayəndə heyəti Böyük Britaniyanın parlamentində Lord Palatasının üzvü Con Randal ilə, ACCA (Sertifikatlı Mühasiblər Assosiasiyası) nümayəndələri, Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun rəhbər şəxsləri, Ukrayna və Gürcüstanın aparıcı şirkətlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirib və müzakirələr aparıb.
Azərbaycanı təmsil edən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) korporativ üzvü olan “Azərişıq”ın nümayəndələri sammit çərçivəsində bir sıra nominasiyalar üzrə mükafatlarla təltif olunublar.
ASC-nin Maliyyə Departamentinin direktoru Namiq Orucov “İlin maliyyə direktoru” və “Maliyyə sahəsinin inkişafına görə”, Layihələrin idarə olunması və maddi texniki təchizat İdarəsinin rəisi İdrak Ələkbərov “Dövlət satınalmalarında maliyyənin idarə olunması”, MHBS Hesabatların hazırlanması bölməsinin rəhbəri Rauf Rzayev “İlin təlimçisi”, “Azərişıq” ASC isə “İlin şirkəti” nominasiyaları üzrə “Luca” mükafatına layiq görülüb.
“Luca” mükafatı XV əsrdə yaşamış, ikili yazılış sisteminin əsasını qoyan və mühasibat elminin banisi hesab olunan İtaliya riyaziyyatçısı Fra Luka Bartolomeo de Paçolinin şərəfinə təsis edilib və mühasibatlığın “Oskar”ı hesab olunur.
Sertifikatlı Maliyyə Menecerləri İnstitutu (ICB/ICFM Global) ənənəvi olaraq hər il Avropanın və MDB-nin nüfuzlu təşkilatlarını və maliyyə sahəsində fəaliyyət göstərən mütəxəssisləri “Luca” mükafatı ilə təltif edir.