SİYASƏT
AZƏRRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİ SƏDRİNİN BƏYANATI
Azərbaycan Respublikasına qarşı törədilmiş təcavüz nəticəsində Ermənistan silahlı qüvvələri tərəftindən işğal edilmiş Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası”nda bu il sentyabr ayının 5-də “yerli hakimiyyət orqanlarına “seçkilər”in keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının zəbt edilmiş torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə ilə müşayiət olunaraq zor gücü ilə yaradılmış, dünyanın heç bir dövləti tərəfindən tanınmamış qondarma “Dağlıq Qarabağ Respublikası”na “qanuni” don geyindirmək üçün “yerli hakimiyyət orqanları”na keçiriləcək “seçkilər” beynəlxalq hüquq prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, həmçinin ümumbəşəri əxlaq və mədəniyyət normalarına və dəyərlərinə zidd olmaqla heç bir hüquqi qüvvəyə malik deyil və her bir hüquqi nəticə doğura bilməz.
Adı çəkilən qondarma seçkilərin keçirilməsi Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı törətdiyi təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsinin və bu torpaqlardan azərbaycanlıların qovulmasının yekunlarının təsbit edilməsi üçün daha bir uğursuz cəhddir.
Qarabağın dağlıq hissəsindən qovulmuş 50 min azərbaycanlının adi vətəndaş hüquqlarını kobudcasına pozan bu növbəti siyasi təxribat əməli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması səylərinə mane olmaq niyyətindən erməni separatçılarının əl çəkmək istəmədiklərini, bölgədə əmin-amanlıq yaradılmasına imkan verməmək üçün hər şeyə hazır olduqlarını bir daha göstərir.
Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində“yerli hakimiyyət orqanlarına” qanunsuz “seçkilər” keçirilməsi ilə bağlı siyasi oyunbazlıq Dağlıq Qarabağ probleminin dincliklə nizama salınması məqsədi ilə aparılan sülh danışıqlarının gedişinə, xüsusilə ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyətinə mənfi təsir göstərəcəkdir.
Azərbaycan Respublikası öz ərazisinin bir hissəsinin quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və mövcud imkanların hamısından istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaqdır.
Qarabağın dağlıq hissəsində qanuni hakimiyyət orqanları, o cümlədən yerli özünüidarə orqanları yalnız Ermənistan Respublikasının Azərbaycana təcavüzünün nəticələri aradan qaldırıldıqdan, Azərbaycan Respublikasının suverenliyi onun bütün ərazisində tam bərqərar edildikdən, azərbaycanlı qaçqınlar doğma yerlərinə qaytarıldıqdan və bölgənin işğaldan əvvəlki etnik mənzərəsi bərpa olunduqdan sonra yaradıla bilər.
Beynəlxalq birlik Azərbaycan Respublikasının dövlət suverenliyinə vəərazi bütövlüyünə işğalçı qüvvələrin meydan oxumasına etinasız qalmamalıdır. Bununla əlaqədar olaraq, mən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin dağlıq hissəsində keçirilməsi planlaşdırılan “seçkiləri” qanunsuz hesab etmiş Avropa Şurası Nazirlər Komitəsinin sədri, Lixtenşteynin xarici işlər naziri cənab Ernst Valxa, Avropa Şurası Parlament Assambleyasının sədri cənab Rassel-Constona və Avropa Şurasının Baş katibi cənab Valter Şvimmerə tutduqları prinsipial vəədalətli mövqeyə görə minnətdarlığımı bildirərək, Azərbaycan Respublikasının üzv olduğu Parlamentlərarası İttifaqı, ATƏT-in Parlament Assambleyasını, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasını, MDB-nin Parlamentlərarası Assambleyasını, İslam Konfransı Təşkilatının Parlament Məclisini, Azərbaycan Respublikasının Milli Məclisi ilə yaxından əməkdaşlıq edən Avropa Parlamentini və Şimali Atlantika Parlament Assambleyasını müstəqil dövlətimizin işğal edilmiş bölgəsində törədilməsi nəzərdə tutulan siyasi təxribat əməlini pisləməyə və Azərbaycanın haqq işini dəstəkləməyə çağırıram.
Murtuz Ələsgərov
Bakı şəhəri, 31 avqust 2001-ci il