“AZƏRSU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ BAKININ BAĞLAR MASSİVİNDƏ REYDLƏR KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakının Bağlar massivində reydlər keçirmişdir.
Bu barədə ASC-dən verilmiş məlumatda bildirilir ki, reydlərdə istehlakçıların sudan istifadəyə görə ödənişdən yayınmaları və su kəmərlərinə qeyri-qanuni birləşmələr müəyyən olunmuşdur. Belə ki, 1200 diametrlik su xəttinin mühafizə zolağında və kəmərin üzərində yaşayış evlərinin tikilməsi həmin xətlərdə təmir-bərpa işlərinin aparılmasında böyük problemlər yaradır. Burada içməli sudan təyinatına görə istifadə edilməməsi hallarına qarşı tədbirlər görülmüşdür. “Azərsu” əməkdaşları müəyyən etmişlər ki, texniki məqsədlər üçün istifadə zamanı su sərfinə qənaət edilmir. Sakinlərə bir daha tövsiyə olunmuşdur ki, Samur-Abşeron kanalı suvarma və digər texniki məqsədlər üçün daha münasibdir. Bakının Bağlar massivində yığım səviyyəsinin artırılması və eyni zamanda su sərfinə qənaətlə yanaşmanı təmin etmək üçün sayğaclaşma prosesi sürətləndirilmişdir.
Artıq 6000 abonentdən 1200-nün evində sayğac quraşdırılmışdır. Reydlər zamanı sakinlərə bir daha izah olunmuşdur ki, sudan istifadəyə görə yığımın aşağı səviyyədə olması suyun istehsalına və nəqlinə çəkilən, eləcə də digər xərclərin ödənilməsində problem yaradır. Bu problemlərin aradan qaldırılması məqsədilə yaşayış binalarının qarşısında elanlar vurulur, əhali arasında təbliğat işləri genişləndirilir.