İQTİSADİYYAT
“Azərsu”nun Mərkəzi laboratoriyasında almaniyalı mütəxəssislərin iştirakı ilə təlim keçirilib
Bakı, 7 oktyabr, AZƏRTAC
“Azərsu” ASC-də Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Şəhərlər Şəbəkəsi” layihəsi çərçivəsində “Azərsu” Almaniyanın Lüdviqshafen şəhərinin su təchizatı və kanalizasiya müəssisələri ilə təcrübə mübadiləsi sahəsində əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində qarşılıqlı səfərlər təşkil olunur, təlim proqramları həyata keçirilir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Lüdviqshafen şəhərinin Tullanı Sular Müəssisəsinin laboratoriya mütəxəssisləri Kristian Keyt və Yozef Braydenbaxın iştirakı ilə Mərkəzi laboratoriyada növbəti təlim keçirilib.
“Aktiv lildə filament bakteriyaların təyini” adlı nəzəri və praktiki təlimlərdə laboratoriyaların bioloqları iştirak edib. Doktor Yozef Braydenbax aktiv lildə filament bakteriyaların təyini üçün proqram təminatından istifadə, mikroskopda bakteriyaların rənglənməsi və ölçülməsi, lazımi materiallardan istifadə qaydaları barədə ətraflı məlumat verib.