AZƏRTAC “İlin media qurumu” nominasiyasında “Zirve Awards” mükafatına layiq görülüb
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da Bakıda “Zirvə” beynəlxalq idman klublarının 2019-cu ilin idman yekunlarına həsr olunmuş ənənəvi “Zirve Awards” mükafatlarının təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan idmanının tanınmış simaları, dünya və Avropa, Olimpiya çempionları və mükafatçıları, digər şəxslər iştirak ediblər.
Budəfəki mərasim digərlərindən fərqli olub. Belə ki, klub rəhbərliyi yeniyetmə və uşaq idmanının inkişafı və təbliğini üstün tutaraq qaliblərin siyahısına məhz bu istiqamətdə fərqlənən idmançıları daxil edib. Mükafata layiq görülənlərin heç birinin yaşı 17-dən yuxarı olmayıb.
Mərasimdə çıxış edən “Zirvə” beynəlxalq idman klublarının prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Heydərov ölkəmizdə idman göstərilən dövlət qayğısından danışıb, atletlərimizin beynəlxalq arenada qazandığı nailiyyətləri yüksək qiymətləndirib. Qeyd edib ki, klubun idmançıları yerli və beynəlxalq yarışlarda ümumilikdə 236 medal qazanıblar. Bunlardan 96-sı qızıl, 62-si gümüş, 78-i isə bürünc medal olub. Bu medallardan 169-u daxili, 67-si isə ölkə xaricindəki yarışlarda qazanılıb. Fərqlənən idman növləri arasında ağır atletika öndə olub. 2019-cu ildə karate, taekvondo, bədii gimnastika və cüdo idman növlərində çıxış edən idmançılarımız da yüksək nəticələrə nail olublar.
Sonra mükafatlandırma mərasimi başlayıb. Ötən il fərqlənmiş idmançılar və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. “İlin media qurumu” nominasiyasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) “Zirve Awards” mükafatına layiq görülüb.
Mükafatlandırma mərasimi başa çatdıqdan sonra bu ilin mayında Astarada keçiriləcək 8-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarının təqdimat videoçarxı nümayiş edilib və yarışların bayrağının rəsmi keçidi olub.