AZƏRTAC-ın bir qrup gənc əməkdaşı Şamaxı Astrofizika Rəsədxanasında olub VİDEO
Bakı, 3 fevral, AZƏRTAC
AZƏRTAC-ın bir qrup gənc əməkdaşı Gənclər Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olub. Agentliyin həmkarlar ittifaqı komitəsinin dəstəyi ilə təşkil edilmiş ekskursiya zamanı onlar rəsədxananın fəaliyyəti haqqında ətraflı məlumat alıblar.
Rəsədxananın elmi işçisi Səbahəddin Alışov bildirib ki, Azərbaycan astronomiya elminin inkişafında əhəmiyyətli rol oynayan Şamaxı Astrofizika Rəsədxanası 1959-cu ildə yaradılıb və 1960-cı ildən fəaliyyətə başlayıb. Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılan rəsədxana dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Burada atmosfer havasının təmizliyi 95 faizdən yuxarıdır, nisbi rütubətlilik isə azdır. Rəsədxana çətin müşahidə edilən Cənub səmasının öyrənilməsində üstünlüklərə malikdir - burada aydın gecələrin sayı il ərzində 190-200-ə çatır.
Qeyd edilib ki, 1981-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Şamaxı Astrofizika Rəsədxanasına Azərbaycanın dahi astronomu Nəsirəddin Tusinin adı verilib.
Azərbaycanda astronomiyanın inkişafındakı nailiyyətlərə görə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən 1970-2011-ci illərdə yeni tapılmış asteroidlərə “Azərbaycan”, “ŞAR”, “Nizami”, “Cavid”, “Müslüm Maqomayev”, “Tusi”, “Ayyubguliev”, Merkuri planetində bir kraterə “Nizami”, Marsda kraterə ŞAR-ın mərhum əməkdaşı “Nadir İbrahimov”, Ayda bir kraterə isə “Nəsirəddin Tusi” adları verilib.
AZƏRTAC-ın əməkdaşları rəsədxanadakı diametri 70 santimetr olan teleskopla da tanış olublar. Agentliyin nümayəndələrinə 1970-ci ildə quraşdırılmış teleskopun işləmə mexanizmi, müşahidə qaydaları barədə ətraflı məlumat verilib. Teleskopla ən yaxşı müşahidə dövrlərinin iyul-avqust aylarında olduğu vurğulanıb. Sadə vətəndaşların da rəsədxanaya müraciət edərək teleskopla səmanı, göy cisimlərini müşahidə edə bildikləri barədə məlumat verilib.
Qeyd edək ki, rəsədxana AMEA tərəfindən təsdiq olunan elmi proqram əsasında fəaliyyət göstərir. Bu proqram dünya elminin ən qabaqcıl istiqamətləri ilə uzlaşdırılıb. Rəsədxananın fəaliyyəti çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, günəşin, planetlərin və kometaların müşahidəsi aparılır.
Şamaxı Astrofizika Rəsədxanasında yetişmiş alim və mütəxəssislər bu gün dünyanın bir çox ölkəsinin, o cümlədən ABŞ, İsrail, Ukrayna, Rusiya, Türkiyənin elmi müəssisələrində fəaliyyətlərini uğurla davam etdirirlər.
Şamaxı Astrofizika Rəsədxanasında bir sıra beynəlxalq və respublika səviyyəli simpozium və konfranslar keçirilib. ŞAR-ın fəaliyyəti dövründə rəsədxana əməkdaşları bir sıra aktual mövzular üzrə xarici ölkələrin astronomları ilə birgə işlər yerinə yetiriblər. Rəsədxananın əməkdaşları xarici dövlətlərdə keçirilən konqres, simpozium və konfransların işində ardıcıl və fəal iştirak edir, dünya astronomlarını rəsədxanada aparılan işlər barədə məlumatlandırırlar.
Ötən il isə Şamaxı Astrofizika Rəsədxanasının 60 illik və Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi ilə əlaqədar Azərbaycanda “Ulduzlar və planetlər fizikası” beynəlxalq konfrans keçirilib. Konfransda Rusiya, Ukrayna, Polşa, Hollandiya, İtaliya, Türkiyə, Almaniya, Gürcüstan, Tacikistan, İsveç, Hindistan və Qazaxıstandan olan nüfuzlu alimlər iştirak ediblər.
AZƏRTAC-ın həmkarlar ittifaqı komitəsi agentlik əməkdaşlarının belə maraqlı məkanlara, həmçinin ölkəmizin səfalı guşələrinə mütəmadi ekskursiya və səfərlərini təşkil edir.