AZƏRTAC-ın büro rəhbəri TRT radiosunda Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyətindən danışıb
İstanbul, 23 noyabr, AZƏRTAC
TRT radiosunda yazıçı-publisist, doktor Yaqub Öməroğlunun aparıcısı olduğu “Mədəniyyət pəncərəsi” verilişinin növbəti buraxılışı Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyətinə həsr olunub.
Noyabrın 22-də canlı yayımda verilişin qonağı olan AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı mövzu ətrafında fikir və düşüncələrini dinləyicilərlə bölüşüb, aparıcının çoxsaylı suallarını cavablandırıb.
Verilişdə ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyasına geniş yer verilib.
Ümumilikdə 45 dəqiqə davam edən canlı yayımda qədim Azərbaycan ərazisi olan Zəngəzur bölgəsinin tarixi, etnik tərkibi, mədəni dəyərləri, yerli türk-müsəlman əhalinin ənənələrindən bəhs olunub. Diqqətə çatdırılıb ki, ermənilər Qafqaza kütləvi köçürülməyə başlayana qədər bu bölgədə əhalinin mütləq əksəriyyətini müsəlman-türklər təşkil edib, bütün coğrafi adlar türkcə olub.
Azərbaycan Xalq Cümhuriyyətinin qarşılaşdığı ən böyük problemin erməni quldur dəstələri ilə mübarizə olduğunu xatırladan Sabir Şahtaxtı qeyd edib ki, İrəvanın siyasi mərkəz kimi güzəşt edilməsinə baxmayaraq erməni quldurlar yenə də müsəlman-türk əhaliyə qarşı soyqırımları davam etdiriblər. Zəngəzurun bir hissəsinin Ermənistana verilməsi ilə bu coğrafi ərazinin iki hissəyə bölünməsi ərazi iddiasında erməniləri daha da həvəsləndirib. Keçmiş SSRİ-nin süqutu illərində Azərbaycana qarşı növbəti ərazi iddialarının ortaya çıxması məhz bu amillərlə bağlıdır.
Verilişdə Zəngəzur bölgəsinin tarixinə, o cümlədən qərbi Zəngəzurun Ermənistana verilməsi prosesinə dair geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbə regionda hər kəs üçün faydalı olan yeni münasibətlər imkanı yaradıb. Ermənistan işğalçılıq siyasətini kənara qoyub bu vəziyyəti düzgün dəyərləndirməli, Azərbaycan və Türkiyənin real gücünü nəzərə almalıdır. Əsaslandırılıb ki, Zəngəzur dəhlizinin açılması başda türk dünyası olmaqla Avrasiya məkanında mədəni əlaqələrin genişləndirilməsi və inkişafı üçün də mühüm rola sahibdir.
Günel Məlik
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul