AZƏRTAC-ın Vətən müharibəsinin iştirakçısı olan əməkdaşları ilə görüş keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Vətən müharibəsinin iştirakçısı olan əməkdaşları Mehrac Ağasıyev, Tural İsayev və Elçin Vəliyev ilə Agentlikdə görüş keçirilib.
Görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev əməkdaşları Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
İdarə Heyətinin sədri bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Şanlı tarix yazan Vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən danışan Vüqar Əliyev sarsılmaz Xalq-Dövlət-Ordu birliyinin tarixi Qələbəni şərtləndirdiyini xüsusi vurğulayıb. Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğu qeyd edilib.
Söhbət zamanı AZƏRTAC-ın 44 günlük Vətən müharibəsində Ordumuzun Zəfər yürüşünü geniş işıqlandırdığı, Agentliyin əməkdaşlarının cəbhənin qaynar nöqtələrindən reportajlar, xəbərlər hazırladıqları bildirilib. Ermənilərin işğal dövründə Azərbaycan ərazilərində törətdiyi vandalizm əməllərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün işğaldan azad edilmiş ərazilərdə çəkilişlər aparan jurnalistlərin minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun həlak olduqları xatırlanıb, onların xatirəsi dərin ehtiramla anılıb. AZƏRTAC-ın Vətən müharibəsinin iştirakçısı olan daha bir əməkdaşı Elmir Səftərovun işğaldan azad olunan ərazilərdə hazırda çəkilişləri davam etdirən qrupun tərkibində yer aldığı vurğulanıb.
Görüşdə qazilər Mehrac Ağasıyev, Tural İsayev və Elçin Vəliyev keçdikləri döyüş yolu barədə xatirələrini bölüşüb, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.