İDMAN
“Azəryol” həndbol komandasının məşqçisi beynəlxalq “Master Coach” lisenziyasına layiq görülüb
Bakı, 23 fevral, AZƏRTAC
“Azəryol” həndbol komandasının məşqçisi Fuad Yangildin beynəlxalq “Master Coach” lisenziyasına layiq görülüb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.
Təcrübəli mütəxəssis Avropa Həndbol Federasiyasının Moskvada keçirilən müvafiq kurslarını uğurla başa vurub. Onunla yanaşı, Rusiya, Ukrayna və Estoniyanı təmsil edən həndbol mütəxəssisləri də həmin lisenziyaya sahib olublar.
“Master Coach” qitə miqyaslı turnirlərdə yarışan milli komandalar və klubların çalışdırıcıları üçün vacib lisenziya sayılır. Sözügedən kursları müvəffəqiyyətlə bitirən məşqçilərə, həmçinin “EHF PRO” lisenziyası da verilir ki, bu da qarşıdakı iki il ərzində mütəxəssislərin komandaları beynəlxalq arenalara çıxarmaları üçün əhəmiyyətlidir. Sonradan həmin müddət daha iki il artırıla bilər.
Qeyd edək ki, Fuad Yangildin 4 ildir “Azəryol” komandasının uğurları üçün çalışır.