“Azexport” portalı rəqəmsal ticarət üzrə İşçi Qrupun iclasında iştirak edib
Bakı, 7 oktyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov rəqəmsal ticarət üzrə İşçi Qrupun iclasına qatılıb.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov da təqdimatla çıxış edib.
O, “Azexport” portalı tərəfindən sahibkarlara təqdim olunan innovativ həllər barədə məlumat verib. Daha sonra portalın rəqəmsal ticarət sahəsində tətbiqini planlaşdırılan layihələr barədə məlumat mübadiləsi aparılıb.
Qeyd edək ki, Rəqəmsal Ticarət üzrə İşçi Qrup Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanan rəqəmsal ticarət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlərin icrasının təmin olunması məqsədilə yaradılıb. Budəfəki iclasda rəqəmsal ticarət indeksinin ölçülməsi, gömrük əməliyyatları və müvafiq qanunvercilik sahəsində görülmüş işlərlə bağlı məlumat verilib, həyata keçiriləcək tədbirlərin effektiv koordinasiyasının təmin olunması barədə fikir mübadiləsi aparılıb.