AzMİU-da Anım Günü: Şəhidlərimizin qəhrəmanlığı və Vətənə sədaqəti əbədi yaşayacaq
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib.
Tədbirdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, xalqın həmrəyliyindən, şəhid və qazilərimizin fədakarlığından danışıb. O, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin ölkə tarixində mühüm mərhələ olduğunu qeyd edib.
Professor Gülçöhrə Məmmədova şəhid ailələrinə və qazilərə göstərilən diqqətin, onların qayğılarının daim diqqət mərkəzində saxlanılmasının mənəvi borc olduğunu bildirib. Universitetin şəhid məzunlarının xatirəsinin yaşadılmasının, onların həyat və döyüş yolunun gənc nəslə tanıdılmasının əhəmiyyətini xüsusi vurğulayıb. Rektor çıxışında gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin ali təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.
Gülçöhrə Məmmədova xüsusi vurğulayıb ki, müharibə başa çatsa da, Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində mübarizə davam edir: “Ermənistanda hələ də revanşist mövqedən çıxış edən, eyni zamanda tarixi faktları təhrif etməyə çalışan qüvvələr mövcuddur. Bu qüvvələrin bir qismi revanşist çağırışlarla çıxış edir, digərləri isə Qafqaz Albaniyasına məxsus, Qərbi Azərbaycanda və işğaldan azad edilmiş ərazilərimizdə yerləşən tarixi-mədəni abidələrin mənşəyini saxtalaşdırmağa, onları erməni irsinin nümunələri kimi təqdim etməyə çalışırlar. Belə cəhdlər qarşısında daim ayıq-sayıq olmaq, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində sistemli fəaliyyət göstərmək vacibdir. Xüsusilə elmi müstəvidə, beynəlxalq platformalarda, informasiya məkanında və mediada bu istiqamətdə fəaliyyət gücləndirilməlidir. Bu baxımdan alimlərin, tarixçilərin, memarların, media nümayəndələrinin və bütövlükdə ziyalıların üzərinə mühüm vəzifələr düşür. Azərbaycanın tarixi-mədəni irsinin qorunması, abidələrimizin mənşəyinin elmi əsaslarla araşdırılması və tarixi həqiqətlərin dünyaya çatdırılması hər birimizin qarşısında duran mühüm vəzifədir”.
Daha sonra Mexanika və informasiya texnologiyaları fakültəsinin dekanı Sabir Məmmədov Vətən müharibəsində qazanılmış Qələbənin tarixi əhəmiyyətindən, Azərbaycan gəncliyinin vətənpərvərlik ruhundan və şəhidlərimizin qəhrəmanlıq irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıb.
Tədbirin universitetin şəhid məzunu Səmural Fətəliyevin atası Ayaz Fətəliyev, AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin II kurs tələbəsi, Vətən müharibəsi qazisi Rəvan Vəzirov da çıxış edib.
Çıxışlarda şəhidlərin xatirəsinin yaşadılmasının yalnız anım tədbirləri ilə məhdudlaşmadığı, onların uğrunda mübarizə apardıqları Vətənin inkişafına xidmət etməyin, dövlətə və xalqa sədaqətin, milli-mənəvi dəyərlərin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğu vurğulanıb.