AzMİU-nun italiyalı tələbəsi: Təhsilimi başa vurandan sonra Bakıda qalıb işləmək istərdim
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İtaliyanın Milan Politexnik Universiteti arasında qurulan ikitərəfli əlaqələr Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” mübadilə proqramı çərçivəsində uğurla davam etdirilir. 2019-2020-ci tədris ilinin payız semestrində bu mübadilə proqramı çərçivəsində Milan Politexnik Universitetinin Memarlıq fakültəsinin II kurs magistr tələbələri - İtaliya vətəndaşları Kevin Prenna və Danyal Zarepourmoghaddam AzMİU-nun Memarlıq fakültəsində təhsil almaq hüququ qazanıblar. Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib.
Əslən İrandan olan Danyal Zarepourmoghaddam Bakını təsadüfi seçməyib. O, mübadilə proqramı çərçivəsində təklif olunan ölkələr içərisində Azərbaycana üstünlük verməsinin səbəblərindən danışıb: “Evimizdə həmişə Azərbaycan haqqında söhbətlər olub. Valideynlərim Bakının qədimliyindən, özünəməxsus memarlığından, müasirliklə tarixiliyin vəhdətini yaşadan bir şəhər olmasından çox danışıblar. Uşaqlığımdan qiyabi şəkildə Bakı ilə tanışlığım başlayıb. Sonra internetdən maraqlandım, araşdırdım və Bakını sevdim. Şans yaranan kimi Azərbaycanı seçdim. İmkan yaranarsa, təhsilimi başa vurandan sonra Bakıda qalıb işləmək istərdim”.
O, Azərbaycana gələndən sonra İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı və digər tarixi yerləri dolaşmaqdan doymadığını deyir.
İtaliyalı tələbə AzMİU-da keçirilən dərslərlə bağlı təəssüratlarını paylaşıb, azərbaycanlı müəllimlərin onlara isti, qayğıkeş münasibətini, daha çox öyrətmək istəklərini xüsusi qeyd edib: “Universitetdə dərslərin keyfiyyəti bizi çox qane edirdi, çünki eynilə Milanda keçirilən dərslər səviyyəsindədir, hətta mən deyərdim ki, sizin müəllimlər tələbəni ən xırda detallara qədər öyrətməyə çalışırlar. İmkan olsa idi, növbəti semestri də qalmaq istərdim”.