“Azpetrol” şirkəti 25 illik yubileyini qeyd edir
Bu gün Azərbaycanın ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti uğurlu fəaliyyətinin 25 illiyini qeyd edir.
“Аzpetrol” şirkətinin yaranması, inkişafı və uğurlu fəaliyyəti ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda iqtisadiyyatın və sahibkarlığın inkişafı sahəsində görülən işlərin nəticəsində mümkün olub və respublikanın neft strategiyasının inkişafına təkan vermiş 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanmasının məntiqi nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməsi davam edən yeni neft strategiyasının məqsədləri isə “Azpetrol” şirkətinin fəaliyyət istiqamətlərinin yol xəritəsidir.
1997-ci il iyulun 15-də Bakı şəhəri Tbilisi (indiki Moskva) prospektində ilk yanacaqdoldurma məntəqəsinin açılışı ilə fəaliyyətə başlayan “Azpetrol” şirkəti, ən müasir texnologiyaların Azərbaycana gətirilməsi, beynəlxalq standartlara cavab verən operativ idarəetmə sistemlərinin yaradılması və tətbiqi, eləcə də layiqli iş yerlərinın yaradılması siyasətinə yarandığı gündən sadiq qalaraq, müstəqil Azərbaycanda özəl sektorun formalaşmasına və inkişafına təkan verən şirkətlərdən oldu.
Şirkətin əsas fəaliyyəti yanacağın pərakəndə və topdan satışını həyata keçirməkdən ibarətdir və hazırda “Azpetrol” brendi altında Azərbaycanın əksər iqtisadi zonalarında 92 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı tarixi Zəfər, şirkətin Strateji inkişaf planının yenidən baxılması və əhatə dairəsinin işğaldan azad olunmuş Qarabağ torpağında genişləndirilməsi məsələsini gündəmə gətirdi. Hazırda bu istiqamətdə hazırlıq işləri aparılır və işğaldan azad olunmuş ərazilərdə “Azpetrol” brendi ilkin olaraq Suqovuşanda fəaliyyətə başlayacaq. Ümumiyyətlə, Qarabağda quraşdırılacaq yeni məntəqələr həm ənənəvi stasionar, həm də şirkətimiz üçün yenilik olan səyyar (mobil) məntəqələrdən ibarət olacaq.
“Azpetrol” şirkəti 2002-ci ildən etibarən nağdsız hesablaşmalar üzrə “Petrol Plus Offline” və 2011-ci ildən isə “Petrol Plus Online” proqramlarının tətbiqinə başlayıb. Azərbaycanda həyata keçirilən nağdsız hesablaşmaların genişləndirilməsi tədbirlərinə uyğun olaraq, “Azpetrol” şirkəti dövriyyədə olan ödəniş kartlarının sayını 150 minə çatdırıb. Şirkətimizin ümumi satış dövriyyəsinin 55 faizini nağdsız hesablaşmalar təşkil edir, Respublika üzrə isə POS-terminallar üzərindən aparılan nağdsız hesablaşmaların 3 faizi “Azpetrol” şirkətinin payına düşür. 2022-ci ilin ilk 4 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə POS-terminallar vasitəsilə nağdsız hesablaşmalarla satış həcmi 90 faizə qədər artıb.
“Azpetrol” Azərbaycanda ən iri işəgötürənlər siyahısındadır və hazırda şirkətdə 3300-ə yaxın əməkdaş çalışır. Kadr potensialının artırılması və işçilərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi şirkətin prioritet istiqamətlərindəndir.
Şirkətin uğurları və nailiyyətləri yerli və beynəlxalq qurumlar tərəfindən hər zaman yüksək qiymətləndirilib. 25 il ərzində “Azpetrol” nümunəvi fəaliyyət, eləcə də, müştərilərə göstərilən yüksək keyfiyyətli xidmətləri ilə fərqləndiyinə görə 9 beynəlxalq və 18 yerli mükafata layiq görülüb. Bunların sırasında ISO 9001-2015 - Keyfiyyəti İdarəetmə Sisteminə dair, ISO - 14001:2015- Ətraf Mühiti İdarəetmə Sisteminə dair və ISO - 45001:2018 - Peşə Sağlamlığı və Təhlükəsizliyini İdarəetmə Sisteminə dair beynəlxalq sertifikatları qeyd etmək olar. Hər üç Sertifikatlaşdırma tələbinə dair audit yoxlaması 2020-ci il dekabrın 11-də keçirilib və 2023-cü il iyunun 22-dək qüvvədədir.
“Azpetrol” - Daim inkişafa doğru.