Aztəminatlı sakinlərə və məcburi köçkünlərə eynəklər verildi
Beyləqan, 12 avqust (AZƏRTAC, Tahir Ağaməmmədov). Xəbər verildiyi kimi, dünya şöhrətli yapon alimi, “Fuci Optikal” özəl şirkətinin rəhbəri, doktor Akio Kanai və 6 optometrist mütəxəssisdən ibarət heyət Azərbaycanda keçirdiyi humanitar aksiya çərçivəsində aprelin 23-24-də Beyləqan rayonunda məskunlaşmış məcburi köçkünlər, həmçinin aztəminatlı və ahıl sakinlər üçün göz müayinələri həyata keçirmişdi.
Aksiya zamanı 800-dən artıq vətəndaş göz müayinəsindən keçirilmiş və onlara eynəklər paylanılmışdı. Həmin vaxt görmə qabiliyyəti mürəkkəb olan sakinlərin bəzilərinə göz ölçüsünə uyğun gəlmədiyi üçün eynəklər verilməmişdi.
AZƏRTAC xəbər verir ki, Yaponiyadan həmin vətəndaşlar üçün ölkəmizə göndərilən eynəklər avqustun 12-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin sahə məsələləri üzrə baş məsləhətçisi Elsevər Ağayev tərəfindən Beyləqan rayonunda vətəndaşlara paylanıldı.
Məcburi köçkünlər və sakinlər sağlamlıqlarına göstərdikləri qayğıya görə doktor Akio Kanaiyə və “Fuci Optika” şirkətinin üzvlərinə təşəkkür etdilər.
Tədbirdə Azərbaycanın sürətli iqtisadi inkişafı, həmçinin qaçqın və məcburi köçkünlərin problemi ilə bağlı verilişlər hazırlamaq üçün ölkəmizə gəlmiş Tokio televiziyasının əməkdaşları da iştirak edirdilər. Jurnalist xanım Rie Suzuki eynək verilən sakinlərlə fikir mübadiləsi apardı, həmçinin İmişli və Beyləqan rayonları ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin mənzillərinə baş çəkərək, onların həyat şəraiti və yaşayışı ilə tanış oldu.