AzTU-da biotibbi mühəndislik üzrə beynəlxalq əməkdaşlıq imkanları genişlənir
Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) Biotibbi Mühəndislik İnstitutunun təşəbbüsü ilə Almaniyadan gəlmiş tibb mütəxəssisləri, biotibbi mühəndislərlə görüş keçirilib.
Görüşdə AzTU-nun rektoru professor Vilayət Vəliyev, universitet nümayəndələri, həmçinin Münxen şəhərinin Radiologiya və Neyroradiologiya Klinikasının rəhbəri professor Anastasios Mpotsaris, Troisdorf şəhərinin Radiologiya, Nuklear Tibb və Neyroradiologiya Klinikasının rəhbəri professor Nuran Abdullayev, Embocraft şirkətinin rəhbərləri və biotibbi innovasiyalar üzrə mütəxəssislər Gunther Peeters və Mark Vekemans iştirak ediblər.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində “Neyrovaskulyar translyasion” laboratoriyasının yaradılması istiqamətində ilkin müzakirələr aparılıb, layihənin konseptual çərçivəsi və yol xəritəsinin müəyyənləşdirilməsi məsələləri nəzərdən keçirilib.
Eyni zamanda, “Translyasion neyrovaskulyar mühəndislik: beyin damarlarında “intra-anevrizmal” cihaz innovasiyasına” adlı kursun təşkili, elmi-praktik məzmunu və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər Almaniyanın ali təhsil müəssisələri ilə ikili diplom proqramlarının həyata keçirilməsi, müəllim-tələbə mübadiləsinin təşkili, eləcə də birgə elmi-tədris əməkdaşlığının genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Bundan əlavə, süni intellekt texnologiyaları ilə təchiz olunmuş biotibbi avadanlıqlar vasitəsilə müxtəlif klinik göstəricilərin monitorinqi sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Sonda tərəflər biotibbi mühəndislik, translyasion tibb və innovativ texnologiyalar sahəsində birgə fəaliyyət planı haqqında yol xəritəsini müəyyənləşdiriblər.