AzTU-da elektron diplomların verilməsinə başlanılıb
Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) elektron diplomların verilməsinə başlanılıb.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, proses “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə, həmçinin Nazirlər Kabinetinin təsdiq etdiyi “Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir. Beləliklə, 2025/2026-cı tədris ili üzrə AzTU-dan məzun olanlar diplomlarını elektron formatda əldə edəcəklər.
AzTU-nun rektoru Vilayət Vəliyev 181 məzunun diplomunu AOİTAS vasitəsilə imzalayıb. Digər məzunların da diplomları mərhələli şəkildə elektron formada imzalanaraq təqdim olunacaq.
Qeyd edək ki, məzunlar elektron diplomları avqust ayından etibarən “mygov” rəqəmsal hökumət platforması üzərindən əldə edə bilərlər.