AzTU-da ingilis dilində yeni təhsil modeli: AZSET proqramı başlanır
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev AZCON Mühəndislik və Texnologiya Məktəbi - AZSET-in fəaliyyəti və məqsədləri barədə məlumat verib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor AZSET-in tələbələrə beynəlxalq standartlara uyğun mühəndislik təhsili və real iş təcrübəsi qazandıran yeni təhsil modeli olduğunu bildirib. Onun sözlərinə görə, proqram çərçivəsində tələbələr yalnız nəzəri biliklər əldə etməyəcək, eyni zamanda, sənayenin real tələblərinə uyğun praktiki bacarıqlara yiyələnəcəklər.
Müsahibədə qeyd olunub ki, AZSET-də tədris tam ödənişsiz əsaslarla və ingilis dilində aparılacaq. Təhsil prosesi Munich Technical University-nin (TUM) akademik yanaşması, kurikulumu və qiymətləndirmə standartları əsasında təşkil ediləcək.
Qeyd edək ki, AZSET bakalavr proqramı Azərbaycanın ali təhsil müəssisələrinin təbiət, texniki, texnoloji və əlaqəli ixtisaslarında təhsil alan, birinci kursu uğurla başa vurmuş tələbələr üçün nəzərdə tutulub. Proqrama müraciət edən namizədlərdən yüksək akademik göstəricilər və ən azı B2 səviyyəsində ingilis dili biliyi tələb olunur. Şərtlərə cavab verən tələbələr 2026-cı il iyulun 15-dək qeydiyyatdan keçərək seçim mərhələsində iştirak edə və təhsillərini ikinci kursdan etibarən AZSET-də davam etdirə bilərlər.
İyulun 3-də saat 16:30-da Azərbaycan Texniki Universitetində AZSET proqramına həsr olunmuş “Açıq qapı” günü keçiriləcək. Tədbir iştirakçılara proqram barədə ətraflı məlumat əldə etmək, seçim prosesi ilə yaxından tanış olmaq və AZSET təhsil mühitini yerində görmək imkanı yaradacaq. “Açıq qapı” günündə iştirak etmək istəyənlər əvvəlcədən qeydiyyatdan keçə bilərlər.