AzTU rektoru: Dayanıqlılıq universitet fəaliyyətinin bütün istiqamətlərinə inteqrasiya edilməlidir
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyev “UI GreenMetric Sustainable University Rankings 2026 Results & Awards Ceremony” çərçivəsində keçirilən panel sessiyada çıxış edib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ev sahibliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşlığı ilə keçirilən tədbirdə ali təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, “The University of 2050: The Future of Sustainability” (“2050-ci ilin universiteti: Davamlılığın gələcəyi”) mövzusunda keçirilən panel sessiyasında universitetlərin dayanıqlı inkişafın təmin olunmasında rolu, dayanıqlılıq prinsiplərinin universitetlərin idarəetmə və fəaliyyət modellərinə inteqrasiyası, yaşıl kampus konsepsiyası, innovasiya, təhsil və tədqiqatın davamlı inkişaf məqsədləri ilə əlaqələndirilməsi, eləcə də 2050-ci ilin universitet modelinə dair yanaşmalar müzakirə olunub.
AzTU rektoru çıxışında dayanıqlılığın yalnız yaşıl kampus və resurslardan səmərəli istifadə ilə məhdudlaşmadığını, bu yanaşmanın təhsil, tədqiqat, innovasiya, universitet idarəçiliyi, sənaye ilə əməkdaşlıq və kampus həyatının bütün istiqamətlərinə inteqrasiya edilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, “UI GreenMetric World University Rankings 2026”nın nəticələrinə əsasən, AzTU Azərbaycan universitetləri arasında 3-cü yerdə qərarlaşıb. AzTU eyni zamanda qlobal reytinqdə əvvəlki nəticəsi ilə müqayisədə 399 pillə irəliləyərək 436-cı mövqeyə yüksəlib.
Əldə olunan nəticə AzTU-da dayanıqlı inkişaf prinsiplərinin institusional səviyyədə tətbiqi, ekoloji məsuliyyətin gücləndirilməsi, yaşıl kampus modelinin formalaşdırılması və resurslardan səmərəli istifadə istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin beynəlxalq səviyyədə qiymətləndirilməsinin göstəricisidir.