Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsindəki tıxacın ləğvi üçün işlər görülür
Bakı, 20 dekabr, Elvin Camalov, AZƏRTAC
Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsindəki tıxacın ləğvi üçün işlər görülür.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, Yeni Günəşli qəsəbəsi, Telnov küçəsi istiqamətindən gələrək Babək prospektində yol ötürücüsünün üstü ilə şəhər istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Babək prospekti kənar yol və ya Bəkir Çobanzadə küçəsi istiqamətinə hərəkət etmək istəyərkən yol ötürücüsünün sonuna kimi hərəkət edib, Babək prospektindən Mikayıl Əliyev küçəsi istiqamətinə yönəlməli olurdular. Nəticədə Mikayıl Əliyev küçəsi ilə Babək prospektinin kəsişməsində (maşın bazarının dairəsində) tıxac və sıxlıq halları yaranırdı. Edilən dəyişiklikdən sonra nəqliyyat vasitələri yol ötürücüsündən sağa yönəlməklə birbaşa Babək prospekti kənar yola və Bəkir Çobanzadə küçəsinə hərəkət edə biləcəklər. Bu da Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində yerləşən dairədə tıxac və sıxlıq hallarının azaldılmasına, həmçinin sürücülərin daha az məsafə qət etmələrinə imkan yaradacaq. Hazırda həmin hissədə nişanlanma və yol nişanlarının quraşdırılması işləri aparılmaqdadır.