Babək rayonunda yaradılan istixana kompleksində bol məhsul yetişdirilir
Babək, 31 may, AZƏRTAC
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurla reallaşdırılması əhalinin bu məhsullara olan tələbatının yerli istehsal hesabına ödənilməsini təmin edib. Muxtar respublika iqtisadiyyatının prioritet sahələrindən biri olan kənd təsərrüfatının inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır, bu sahədə stimullaşdırıcı tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Babək rayonunun qəsəbə və kəndlərində də sahibkarlığın inkişaf etdirilməsi üçün münbit şərait yaradılıb. Rayonun Yuxarı Uzunoba kənd sakini Murad Cabbarov tərəfindən 3500 kvadratmetr ərazidə istixana təsərrüfatının qurulması daxili bazarın yerli məhsullarla təminatına imkan verir.
İki il bundan öncə kənddə 7 istixana kompleksi yaradan sahibkar deyir ki, əvvəlcə qardaş Türkiyə Respublikasında eyniprofilli təsərrüfatda təcrübə keçib. Daha sonra şəxsi vəsaiti hesabına tərəvəz məhsulları istehsal edən bu cür kompleks qura bilib, dövlət maliyyə dəstəyi hesabına imkanlarını genişləndirib.
İstixanada avtomat istilik sistemi də fəaliyyət göstərir. Suvarma üçün artezian quyusu qazılıb. Becərmə isə müasir texnologiya əsasında aparılır. Bunun nəticəsidir ki, 2-3 gündən bir məhsul yığımı həyata keçirilir.
Murad Cabbarov onu da bildirib ki, Naxçıvan şəhərində və rayonlarda tərəvəz satışı ilə məşğul olan satıcılar məhsullarını yerində alırlar. İlin bütün fəsillərində alıcıları keyfiyyətli tərəvəz məhsulları ilə təmin etməyə çalışırlar. Yaxşı məhsul isə bazarda adı ilə tanınır. Artıq bu sahədə müəyyən uğurlar qazana biliblər.
Kompleksdə 7 nəfəri daimi işlə təmin edən sahibkar gələcəkdə bu sahəni genişləndirmək fikrindədir. Murad Cabbarov daxili bazara daha çox yerli məhsul çıxarmaqla ucuzluq və bolluq yaradılmasına töhfə vermək istəyir.