Babək rayonunun kəndlərində kompleks quruculuq işləri aparılır
Babək, 5 aprel, AZƏRTAC
Babək rayonunun Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin tərkibində olan Gülşənabad kəndində cari ilin martından kompleks quruculuq işlərinə başlanılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, burada 144 şagird yerlik tam orta məktəb binası tikilir. Müasir layihə əsasında qurulacaq bina ikimərtəbəli olacaq. Burada müxtəlif fənn kabinələri, laboratoriyalar, şahmat sinfi, elektron lövhəli siniflər fəaliyyət göstərəcək.
Gülşənabadda kənd və xidmət mərkəzləri də inşa olunur. Eyni zamanda, yaşayış məntəqəsini Cəhri kəndi ilə birləşdirən 140 metrlik körpü də yenidən qurulur. Quruculuq işləri çərçivəsində Gülşənabadda evlərə yeni su xətti çəkilir, 5 kilometrlik kənddaxili yollar abadlaşdırılır.
Rayonun Kültəpə kəndinə isə 360 şagird yerlik məktəb binasının inşasına başlanılıb. Təhsil ocağında 20 sinif otağı, 1 kompüter, 2 elektron, 1 şahmat sinfi, 3 laboratoriya, kitabxana, hərbi kabinə və idman zalı olacaq.
Burada kənd mərkəzi və həkim ambulatoriyası da tikilir. Üçmərtəbəli olacaq binanın birinci mərtəbəsində həkim ambulatoriyası, rabitə şöbəsi və avtomat telefon stansiyası yerləşəcək. İkinci və üçüncü mərtəbələrdə isə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və digər qurumlar fəaliyyət göstərəcək.
Kənddə inşa edilən digər bir obyekt isə xidmət mərkəzidir. Burada ərzaq, təsərrüfat malları mağazaları, bərbər, gözəllik salonu, ət satışı dükanı olacaq. Kəndin yolları, rabitə və elektrik xətləri də əsaslı təmir ediləcək. Yeni obyektlərin ərazilərində müasir işıqlandırma sistemləri qurulacaq və yaşıllıqlar salınacaq.