“Bacardım” adlı yay düşərgəsi təşkil edilib
Bakı, 7 sentyabr, AZƏRTAC
Quba rayonunda ölkəmizdə sığınacaqda yaşayan gənclərin təhsil və inkişafına istiqamətləndirilən “Bacardım” adlı yay düşərgəsi həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, düşərgənin keçirilməsində məqsəd gəncləri sığınacaqdan kənarda fərqli və maraqlı təlimlərə cəlb etmək, onların bacarıqlarını artırmaq, sosial adaptasiya prosesini sürətləndirmək, yeni təhsil imkanları və peşələrlə bağlı məlumatlandırmaq, onların incəsənətə və mütaliəyə marağını artıraraq istedad və bacarıqlarını kəşf etmək, eləcə də həssas qrup gənclərin təhsil və inkişaf ehtiyaclarını müəyyən etməkdən ibarət olub.
Beş gün davam edən düşərgə çərçivəsində müxtəlif sığınacaqlarda yaşayan 30 gənc fərqli mövzularda keçirilən təlim və ustad dərsləri, eləcə də fərdi psixoloji konsultasiyalardan faydalanıb.
Təlim proqramına emosional zəkanın inkişafı, stresin idarə edilməsi, maliyyə savadlılığı, sağlam həyat tərzi və sağlam vərdişlər, mütaliənin gücü, ünsiyyət bacarıqları, təhsilin əhəmiyyəti, sahibkarlıq, fərdi məşğulluq, sosial mediadan istifadə, karyera planlaması, qısa və uzun müddətli məqsədlərin təyini və digər fərqli mövzular daxil edilib. Həmçinin düşərgə müddətində gənclər peşəkar şəxslər tərəfindən keçirilən yoqa və meditasiya seanslarında iştirak ediblər. Bundan başqa, gənclər Quba rayonunun tarixi abidələrinə səfər edib, asudə vaxtlarında isə üzgüçülük, tennis və digər əyləncə imkanlarından yararlanıblar.