31-ci AFS Gənclər Assambleyası başa çatıb
Bakı, 18 avqust, AZƏRTAC
İsveçrənin Cenevrə şəhərində keçirilən və müxtəlif ölkələrdən gəncləri bir araya gətirən 31-ci “American Field Service” (AFS) Gənclər Assambleyası uğurla başa çatıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, müxtəlif ölkələrdən olan iştirakçılarla səmərəli görüşlər keçirilərək yeni əməkdaşlıq imkanları müzakirə edilib, Azərbaycanın diaspor gənclərinin fəaliyyəti, ölkəmizin multikultural dəyərləri və dövlət gənclər siyasəti barədə ətraflı məlumat verilib.
Tədbirin son günü – avqustun 14-də keçirilən “Mədəniyyət Günü” (“Culture Day”) proqramında Azərbaycanın tarixi və mədəni irsi, milli dəyərləri, adət-ənənələri və mətbəxi təqdim olunub.
31-ci AFS Gənclər Assambleyasında iştirak Azərbaycan diaspor gənclərinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, yeni əlaqələrin qurulması və ölkəmizin beynəlxalq gənclər platformalarında tanıdılması baxımından əhəmiyyətli olub. Assambleyada əldə olunan təcrübə və qurulan əlaqələrdən gələcək layihələrdə istifadə olunması nəzərdə tutulur.