FHN-dən silsilə maarifləndirmə tədbirləri: paytaxt və rayonlar əhatə olunub
Bakı, 18 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə AZƏRTAC-a FHN-dən bildirilib. Maarifləndirmə tədbirləri FHN-in regional mərkəzləri tərəfindən keçirilib. Görüşlərdə nazirliyin Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə dövlət xidmətlərinin mütəxəssisləri də iştirak ediblər. Bakı Regional Mərkəzi (RM) paytaxtın Nərimanov, Xətai, Binəqədi, Sabunçu rayonlarındakı poliklinikalarda, uşaq xəstəxanasında və 2 nömrəli Doğum Evində görüşlər keçirib. Gəncə RM isə tədbirləri Daşkəsən şəhər 5 nömrəli bağçada, Gəncə şəhər Kardioloji və Endokrinoloji xəstəxanalarında təşkil edib. Sumqayıt RM tərəfindən Abşeronun Qobu qəsəbəsindəki bağçada və “H.Z.Tağıyev” xilasetmə məntəqəsində maarifləndirmə aparılıb. Şimal RM Şabranın Ağalıq kənd nümayəndəliyində, Aran RM Mingəçevir və Naftalanda, Şimal-Qərb RM isə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsində analoji tədbirlər reallaşdırıb.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub. Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.