BAEA VƏ HİNDİSTAN ARASINDA NÜVƏ OBYEKTLƏRİNİN TƏFTİŞİ BARƏDƏ ƏMƏKDAŞLIQ SAZİŞİ İMZALANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Hindistan və ABŞ arasında nüvə enerjisi sahəsində əməkdaşlıq sazişinin bağlanmasına yaşıl işıq yandırmışdır.
Avqustun 1-də BAEA və Hindistan arasında imzalanmış nüvə obyektlərinin təftişi barədə əməkdaşlıq sazişinə görə, Hindistan hökuməti ölkədə fəaliyyət göstərən nüvə reaktorlarının qapılarını beynəlxalq müfəttişlərin üzünə açmağa razılaşmışdır.
BAEA-nın Baş direktoru Məhəmməd əl-Baradei sazişin beynəlxalq təşkilatın standartlarına müvafiq bağlandığını qeyd edərək bildirmişdir ki, 2014-cü ilədək Hindistanda fəaliyyətdə olan 22 nüvə obyektinin 14-də təftişlər həyata keçiriləcəkdir.
BAEA və Hindistan arasında razılaşma bu ölkənin ABŞ ilə mübahisəli atom sazişi istiqamətində əsas şərt idi. Sazişə görə, 30 illik qadağadan sonra ABŞ Hindistanda nüvə materialları və nüvə texnologiyasının satışı ilə məşğul ola bilər. Bunun üçün əsas şərt isə satılan materialların yalnız dinc məqsədlərə sərf ediləcəyinə təminat verilməsidir. Atom texnologiyalarına malik 45 dövlətin hər biri nüvə silahlarının yayılmaması haqqında beynəlxalq sazişə hələ də qoşulmamış Hindistan və BAEA arasında imzalanmış sənədə öz razılığını bildirməlidir.
Beynəlxalq mütəxəssislər bu saziş sayəsində Hindistanın nüvə silahlanması sahəsində beynəlxalq bazara çıxış əldə edəcəyindən ehtiyatlanırlar. ABŞ və ona müttəfiq dövlətlərin nümayəndələri isə bu sazişin köməyi ilə Hindistanın nüvə silahlarının yayılmaması haqqında beynəlxalq sazişə qoşulmasının sürətlənəcəyi qənaətindədir. Eyni zamanda, qlobal istiləşmə və enerji daşıyıcılarının beynəlxalq bazarlarda bahalaşması fonunda nüvə enerjisinin üstünlükləri vurğulanır.