Bağ evlərindən silsilə oğurluqlar edən mütəşəkkil cinayətkar dəstənin üzvləri yaxalanıblar VİDEO
Bakı, 3 may, AZƏRTAC
Cari ilin yanvar-mart ayları ərzində Binəqədi rayonu ərazisində bağ evlərindən silsilə oğurluqlar edən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin və 4-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində dəstənin üzvləri - paytaxt sakinləri Əsədullayev Valeh Fəyaz oğlu, Məmmədov Sadiq Ağahəsən oğlu, İsmayılov Balakişi Alım oğlu, Mədətov İmran Ağababa oğlu və Hüseynov Niyaməddin Əhməd oğlu tutulublar.
Araşdırma zamanı müəyyən edilib ki, dəstənin başçısı “Qaqaş” ləqəbli Valeh Əsədullayevdir. O, həmin şəxsləri ətrafına toplayaraq müxtəlif vaxtlarda Binəqədi, Abşeron və Sabunçu rayonlarındakı bağ evlərindən oğurluq hadisələri törədib.
Saxlanılan şəxslərin Binəqədi və ətraf rayonlarda 25 bağ evindən oğurluq etdikləri istintaq yolu ilə sübuta yetirilib. Dəstə üzvləri mənzillərdən əsasən kombi aparatları, televizorlar, xalçalar, müxtəlif məişət əşyaları, hətta bir neçə evin pəncərəsini belə sökərək oğurlayıblar. Həmin əşyalar Valeh Əsədullayevin Binəqədi qəsəbəsindəki obyektinə gətirilərək orada gizlədilib. Obyektə baxış zamanı oğurlanan əşyaların bir qismi maddi sübut kimi götürülərək istintaqa təqdim edilib. Onların yaşadıqları evlərdən oğurluqlara gedən zaman istifadə etdikləri maskalar, papaqlar, həmçinin mənzilə daxil olan zaman istifadə etdikləri alətlər də aşkarlanıb.
İstintaq zamanı, həmçinin dəstə üzvlərinin başqa bir şəxsə məxsus yük avtomobilini qaçırdıqları və bağ evlərindən oğurladıqları əşyaları həmin nəqliyyat vasitəsilə daşıdıqları da müəyyənləşib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb. Dəstə üzvlərinin barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.