Bakı Ali Neft Məktəbi ilə “EY” şirkəti iki istiqamətdə əməkdaşlıq edəcək
Bakı, 10 aprel, AZƏRTAC
Bakı Ali Neft Məktəbi (BANM) ilə “EY” şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Sənədi BANM-ın rektoru Elmar Qasımov və “EY” şirkətinin Azərbaycan üzrə idarəedici tərəfdaşı İlqar Vəliyev imzalayıblar.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, E.Qasımov “EY” şirkətinın Azərbaycanda audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətlərinin göstərilməsi üzrə böyük imicə malik olduğunu söyləyib, ali məktəb ilə şirkət arasında əməkdaşlığı yüksək dəyərləndirib. Qeyd olunub ki, BANM ilə şirkət iki istiqamətdə əməkdaşlıq edəcək. Bunlardan biri tələbələrin şirkətin dayanıqlı inkişaf mövzusunda olan təlimlərinə cəlb edilmələri, digəri isə “EY” şirkəti tərəfindən BANM-ın dayanıqlı inkişaf üzrə hesabatının hazırlanmasıdır.
İ.Vəliyev BANM-lə əməkdaşlıq etməkdən, tələbələrin şirkət tərəfindən təşkil olunan təlimlərə böyük maraq göstərmələrindən məmnunluğunu bildirib.
“EY” şirkətinin kadrlar şöbəsi direktorunun müavini Samirə Şabanova və baş mütəxəssis Vüsalə Həsənova tələbələrə təmsil etdikləri qurum və onun karyera proqramı ilə bağlı məlumat verib, CV yazma, səmərəli müsahibə üsulları barədə təqdimatla çıxış ediblər.
Sonra BANM-in IV-V kurs tələbələrinə “EY” şirkətinin nümayəndəsi tərəfindən keçirilən iqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə üçgünlük seminarın sertifikatları təqdim edilib.
Sonda şirkətin əməkdaşları sualları cavablandırıblar.