Bakı Ali Neft Məktəbində təlim: “Yeni nəsil və yeni təhsil dünyası”
Bakı, 24 yanvar, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) “SOCAR-Türkiyə” şirkətinin maliyyə dəstəyi və təşkilatçılığı ilə “Yeni nəsil və yeni təhsil dünyası” mövzusunda təlim keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, təlimdə şirkətin insan resursları üzrə direktoru Sibel Uğur və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Təlimdən əvvəl rektor Elmar Qasımov BANM-ə göstərilən diqqətə və tədbirin təşkilatçılığına görə Sibel Uğura və “SOCAR-Türkiyə”nin rəhbərliyinə təşəkkürünü bildirib.
BANM ilə əməkdaşlıqdan məmnunluğunu bildirən S.Uğur təlimin keçirilməsini yeni nəslin təhsilinin və təlim-tərbiyəsinin düzgün istiqamətdə təşkil edilməsinə töhfə kimi qiymətləndirib.
Təlim Türkiyənin “Dinamo Consulting” şirkətinin həmtəsisçisi Evrim Kuran tərəfindən aparılıb.
E.Kuran iş yerində tədris edən və öyrənən nəsillər, müxtəlif illərdə anadan olan nəsilləri düzgün anlamağın yolları, XXI əsrin biliyi - təlimlərin rolu, yeni nəsillər üçün təhsilin yeni paradiqmaları, birgə təhsil, mikrotəhsil, intuitiv təhsil, Y və Z (1996-cı ildən sonra anadan olanlar) nəsillərinin öyrənmə tərzinə dair rəqəmsal kontekst, digər nəsillərlə emosional ünsiyyət, “Y nəsli və iş yeri: motivasiya, qiymətləndirmə” və digər mövzulardan söz açıb, bu sahədə illər boyu apardığı araşdırmalar və onların nəticələrindən bəhs edib.