Bakı Biznes Universitetində ilk dərslər Xocalı soyqırımına həsr olunub
Bakı, 24 fevral, AZƏRTAC
Bakı Biznes Universitetində (BBU) Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, BBU-nun rektoru, professor İbad Abbasov ermənilərin Qarabağa hələ çar Rusiyası dövründən planlı şəkildə yerləşdirilməsini tarixi faktlarla diqqətə çatdırıb. Rektor mənfur qonşularımız tərəfindən zaman-zaman xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, deportasiya və soyqırımı siyasətindən də danışıb. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalıda silahsız və köməksiz əhaliyə qarşı soyqırımı törədiblər.
Tədbirdə “Xocalı qətliamı” sənədli filmi nümayiş etdirilib.
Fevralın 24-də universitetdə ilk dərslər Xocalı soyqırımına həsr edilib. Universitetin foyesində Xocalı soyqırımına həsr olunan sərgi təşkil edilib.