ELM VƏ TƏHSİL
Bakı Dövlət Universiteti ilə Dağıstan Pedaqoji Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır
Bakı, 26 sentyabr (AZƏRTAC). Sentyabrın 26-da Rusiya Federasiyası Dağıstan Pedaqoji Universitetinin rektoru vəzifəsini icra edən professor Məhəmməd Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olmuşdur.
AZƏRTAC xəbər verir ki, görüşdə Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov BDU-da təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən danışmışdır.
Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələrinə toxunan akademik A.Məhərrəmov BDU ilə müvafiq qurumların əməkdaşlığı çərçivəsində həyata keçirilən birgə qrant və proqramlardan bəhs etmişdir.
Görüşdən məmnun qaldığını qeyd edən professor M.Abdullayev Dağıstan Pedaqoji Universiteti barədə məlumat vermişdir.
Təhsil əlaqələri ilə bağlı müzakirələr aparılmışdır.
Sonra Bakı Dövlət Universiteti ilə Dağıstan Pedaqoji Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Qonaqlar BDU-nun Heydər Əliyev Muzeyi və elmi-tədqiqat laboratoriyaları, mərkəzləri ilə də tanış olmuşlar.