SİYASƏT
Argentinada Azərbaycanın Cənubi Qafqazda sülhə və sabitliyə töhfə verən siyasətindən bəhs olunub
![](/files/galleryphoto/2024/2/1200x630/1716994392233987257_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1716994392151284811_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17169943921409950853_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/171699439239259684_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17169943924049210768_1200x630.jpg)
Bakı, 29 may, AZƏRTAC
28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən paytaxt Buenos-Ayres şəhərində yerləşən “Sülh Sarayı”nda rəsmi qəbul təşkil edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın və Argentinanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan rəsmi qəbulda çıxış edən səfir Rəmzi Teymurov müsəlman Şərqində yaranan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Səfir, həmçinin Azərbaycan xalqının azadlıq mübarizəsi nəticəsində 1991-ci ildə müstəqilliyini bərpa etməsi, həmin dövrlərdə üzləşdiyi iqtisadi və siyasi çətinliklər, ərazilərinin işğala məruz qalmasından danışıb.
R.Teymurov belə bir çətin dövrdə xalqın tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verib. Vurğulayıb ki, hazırda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib. Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini və ötən ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri ilə suverenliyimizin tamamilə bərpa olunduğunu vurğulayan diplomat tədbir iştirakçılarına Azərbaycanın Cənubi Qafqaz regionunda sülhə və sabitliyə töhfə verən siyasətindən bəhs edib. Həmçinin Azərbaycanın üzləşdiyi mina terroru təhlükəsi və COP29 tədbirinə hazırlıq barədə geniş məlumat verilib.
Tədbir zamanı səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə ispan dilində hazırlanmış “Ulu Öndər Heydər Əliyevin milli dövlət quruculuğu və müasir inkişaf strategiyası” adlı, o cümlədən Azərbaycan dövlətçiliyinin tarixi, ölkəmizdə yaşayan yəhudilər, Nizami Gəncəvi və İmadəddin Nəsimi kimi ədiblərimizin əsərlərindən ibarət kitablar tədbir iştirakçılarına təqdim olunub.