Rövşən Nur - şimal ölkəsinin “günəşli” rəssamı
Bakı, 29 may, Anara Axundova, AZƏRTAC
Rövşən Nur təxminən iyirmi ildir Estoniyada yaşayan azərbaycanlı rəssamdır. Bir çox beynəlxalq müsabiqələrin və Estoniyada keçirilən sərgilərin iştirakçısıdır, mütəmadi olaraq Estoniya sakinlərini Azərbaycanın incəsənəti və mədəniyyəti ilə tanış edən tədbirlər keçirir. Rövşən Nur, həmçinin ustad dərsləri təşkil edir, bu dərslər sayəsində hər kəs Azərbaycan milli sənətkarlığına və mədəni ənənələrinə bələd olmaq şansı qazanır.
Rəssam vətənini mümkün qədər tez-tez ziyarət etməyə çalışır və o, hazırda Bakıdadır. Rövşən Nur AZƏRTAC-la açıq havada, iş prosesi zamanı söhbətləşdi. Biz İçərişəhərdə, Şirvanşahlar Sarayının yaxınlığında görüşdük. Küləkli gün idi…
- Rövşən, Bakı küləyinin şəklini necə çəkmək olar?
- Mən artıq onu çəkirəm. Rənglərə diqqət edirsiniz? Mən Bakı küləyini hiss edirəm, ona görə də, bu hissiyyat texnikada əksini tapır. Mən hazırda etüd çəkirəm – bu qısa müddətli təəssürat deməkdir.
- Rəssamın günü adətən necə başlayır?
- Rəssamın günü hər zaman gözəl başlamalıdır. Sən özünü dərhal hər şeyin gözəl olacağına kökləməlisən. Bu çox vacibdir. Əvvəlcə çay içirsən, sonra işə başlayırsan (gülür). Təbiət, gözəllik, səma, günəş – bu amillərin hər biri insana ruh verir. Palitram və etüd dəstimi hər zaman özümlə götürürəm. Hər gün, hətta qışda da. Tallində qış soyuq olur, amma mən yenə də açıq havada işləyirəm. Sadəcə, işimi çox qısa vaxt ərzində bitirməli oluram (gülür). Estoniya çox gözəldir, oranın təbiəti mənim xoşuma gəlir, ancaq orada günəşli günlər azdır. Buna baxmayaraq, mən “günəşimi” öz içimdə qoruyub saxlayıram.
- Azərbaycana tez-tez gəlirsiniz?
- Hər il bir-iki dəfə gəlməyə çalışıram, bu artıq ənənəyə çevrilib. Gələ bilməyəndə isə darıxmağa başlayıram... Azərbaycan mənim vətənimdir, burada valideynlərim, qohumlarım, dostlarım yaşayır. Vətənimdə günəş var, mən ondan enerji alıram. Azərbaycana gələndə ilk növbədə, İçərişəhərə getməyə çalışıram, bura mənim ən sevdiyim yerdir. İçərişəhərdə mənə olduqca gərəkli olan mənəvi enerji var. Mən ondan güc alıram. Mütləq dənizə getməyə çalışıram. Hər yerin yaddaşımda öz tarixi, öz xatirəsi var. Hər dəfə bu yerlərə yenidən qayıtmaq çox xoşdur.
- Siz Azərbaycan İncəsənət Akademiyasını bitirmisiniz, daha sonra isə Tallin İncəsənət Akademiyasında təhsil almısınız. Estoniya rəssamlıq məktəbi nə ilə seçilir və siz bu məktəbdən nə öyrənmisiniz?
- Mənim iki ixtisasım var – həm rəssam, həm də xalçaçılıq üzrə rəssamam. Tallində mən magistratura təhsili almışam və “İnteryerdə xalça” mövzusunda diplom işini müdafiə etmişəm. Xalçalar estonlarda böyük maraq oyadır. Onlarda da xalçalar var, lakin onlar daha sadədir. Onların rəssamlıq sənətində sadəlik hiss olunur, minimalizm məktəbi onlarda çox güclü inkişaf edib. Bundan əlavə, estonların ümumilikdə, milli koloriti də soyuqdur. Mən bunu öyrənməyə, müəyyən elementlərini öz üslubumda tətbiq etməyə çalışmışam. Ancaq mənim əl işlərim yenə də rəngarəng alınır. Hətta mən Tallindəki köhnə şəhəri təsvir edəndə, rəsm canlı boyalardan ibarət olur. Mənə deyirlər ki, bizdə belə al-əlvan rənglər yoxdur! Mən isə onları gördüyümü, hiss etdiyimi deyirəm. Buna görə də, çoxları məni “günəşli rəssam” adlandırır (gülür).
- Rövşən, siz uzun müddət Avropada yaşamağınıza baxmayaraq, özünüzü Azərbaycan rəssamı kimi təqdim edirsiniz...
- Bəli, mən burada doğulduğum, azərbaycanlı olduğum üçün fəxr edirəm. Öz mədəniyyətimizi çox sevirəm və onu hər zaman başqa insanlara da nümayiş etdirməyə çalışıram. Rəsm əsərlərim arasında eston, hətta italyan və digər ölkələrin motivləri var, mən çox səyahət edirəm. Lakin yenə də mənim əl işlərimdə şərq üslubu özünü büruzə verir.
- Siz çoxsaylı tədbirlər, sərgilər, ustad dərsləri keçirirsiniz və həmin tədbirlərdə Azərbaycan mədəniyyətini təbliğ edirsiniz. Bu, estonlara nə qədər maraqlı gəlir, onlar buna necə reaksiya göstərirlər?
- Estoniya da Azərbaycan kimi çoxmədəniyyətli ölkədir. Onlar müxtəlif xalqların mədəniyyətlərini sevirlər. Estonlar Azərbaycan mədəniyyətini bəyənirlər. Bu, onlar üçün ekzotika deməkdir. Mən həmişə Azərbaycandan oraya özümlə müxtəlif hədiyyələr və dadlı nemətlər aparıram və onları qonaq edirəm. Məsələn, bir dəfə nar aparmışdım. Mən özüm narı çox sevirəm. Mənim üçün nar – sevgi rəmzidir. Mən onu tez-tez öz rəsmlərimdə təsvir edirəm, hətta belə bir qeyri-adi əl işim var – köhnə Tallin şəhərinin fonunda narların təsviri. Onlar narın dadına baxdılar, xoşlarına gəldi. Bundan sonra onlar mənim əl işlərimə daha fərqli yanaşmağa başladılar. Estonlar mənə deyirlər: “Biz sənin əl işlərindən və səndən emosiya alırıq”. Hərdən isə belə deyirlər: “Kefimiz olmayanda, ya da günəş çıxmayanda, biz səni görmək istəyirik”. Mən ünsiyyətcil insanam və hər kəslə danışıb söhbətləşirəm, hamıya bu günəşdən, bu enerjidən pay vermək istəyirəm.
- Bəs sizdə bu enerji haradandır?
- Bayaq dediyim kimi, mən hər il Bakıya gəlirəm, buradan enerji alıram və onu özümlə oraya aparıram. Artıq bir neçə gündür ki Bakıdayam, onlar artıq mənə yazmağa başlayıblar: “Haradasan, nə vaxt qayıdırsan?” Mən isə deyirəm: “Enerji yığıram!” (gülür).
- Bəs elə olubmu ki, sizin sərginizə gələn insanlar sonradan Azərbaycana səfər etmək qərarına gəlsinlər?
- Bəli, çox olub. Onlar mənim rəsmlərimi görürlər və bütün bunları öz gözləri ilə görə bilmək üçün Azərbaycana səfər etmək istəyirlər. Hətta mənə Vətənimdən suvenirlər gətirirlər. Azərbaycanı, Bakını çox bəyəndiklərini deyirlər.
- Bəs sizə hansı ölkələrdə olmaq daha xoşdur, özünüzü məhz harada rahat hiss edirsiniz?
- Daha çox cənub ölkələrində - İtaliyada, İspaniyada məni yerli sakinə bənzədirlər. Mən il yarım İspaniyada, Barselonada yaşamışam, ispan dilini öyrənmişəm, rəsmlər çəkmişəm, onların mədəniyyəti, memarlığı, incəsənəti mənim çox xoşuma gəlir. Mən hər il oraya səfər etməyə çalışıram, mənim orada çox yaxşı dostlarım var. Mən ilk dəfə İtaliyada, Venesiyada olanda bu şəhər məni özünə valeh etmişdi. O şəhər tamamilə başqa bir nağıl, başqa bir həyatdır, su üzərində həyat deməkdir. Şimal ölkələrinə də çox səfər edirəm, hər yerdə rəsmlər çəkirəm, işləyirəm. Sonuncu dəfə ABŞ-a səfər etmişəm. Həmişə bu ölkəyə səfər etməyi, orada işləməyi arzulamışam, oranın da özünəməxsus gözəlliyi var. Elə alındı ki, məni ABŞ-a dəvət etdilər, mən Bostonda, Nyu-Yorkda və Vaşinqtonda oldum, orada mən Azərbaycan mədəniyyət mərkəzində sərgi keçirdim. Habelə, orada uşaqlara ustad dərsi də dedim. Beləcə, Amerika ilə Azərbaycan arasında mədəniyyət mübadiləsi yaranmış oldu. Mənə hətta orada qalmağı təklif etdilər, məni buraxmaq istəmirdilər (gülür). Ancaq mən oraya mütləq ən qısa vaxtda qayıdacağam. Mən Mayami şəhərində öz fərdi sərgimi təşkil etmək təklifi almışam. İndi bu sərgiyə lazımınca hazırlaşmaq gərəkdir.
- Bəs bundan başqa, yaxın gələcək üçün planlarınız nədən ibarətdir?
- Sentyabr ayında Tallində tədbir, daha doğrusu, sərgi və Azərbaycan folklor musiqisi konserti təşkil etmək istəyirəm. Ümid edirəm ki, musiqiçimiz üçün viza alaraq onu Estoniyaya gətirə biləcəyik. Əgər belə demək olarsa, ümumilikdə, planlarım – Azərbaycan mədəniyyətini hər gün daha çox təbliğ etməkdən ibarətdir.
Söhbətimizə yekun vurduğumuz vaxta qədər Rövşənin çəkdiyi rəsm də artıq hazır idi. Rəsmdən bizə gülümsəyən və divarlarında ilıq Bakı küləyi gəzişən Şirvanşahlar Sarayı boylanırdı...