Domeniko Palmieri: Azərbaycan İtaliyanın enerji təhlükəsizliyinə fundamental töhfə verir
Roma, 29 may, AZƏRTAC
Azərbaycan İtaliyanın enerji təhlükəsizliyinə fundamental töhfə verir.
Bunu AZƏRTAC-a açıqlamasında İtaliya Asiya İnstitutunun (ISIA) baş katibi Domeniko Palmieri deyib. O bildirib ki, Azərbaycan xüsusilə enerji sektorunda İtaliyanın strateji tərəfdaşıdır və ölkəmizin enerji təhlükəsizliyinə fundamental töhfəsi var: “Biz bunu Ukrayna böhranı zamanı TAP boru kəməri vasitəsilə təbii qaz axınının artması ilə gördük. TAP-ın nəqletmə imkanlarının gələcəkdə iki dəfə artırılması isə mövcud strateji əlaqələri möhkəmləndirəcək”.
Domeniko Palmieri bildirib ki, İtaliya şirkətləri üçün Azərbaycanın bərpaolunan enerji sektorunda da müxtəlif imkanlar mövcuddur. Bunun üçün cari tendensiyaları və perspektivli biznes sahələrini müəyyən etmək vacibdir.
“Ümid edirəm ki, iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edəcək. İlk növbədə, İtaliya öz milli maraqları baxımından Avropa İttifaqında Aİ ilə Azərbaycan arasında münasibətlərə yönəlmiş tədbirlərin daşıyıcısı ola bilər. Bakının ev sahibliyi edəcəyi COP29 bu mənada düşünmək üçün mühüm məqam ola bilər”, - deyə baş katib vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma