Bakı Dövlət Universiteti yenə fərqləndi
Bakı, 29 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) tələbəsi “Tələbə baharı” yaradıcılıq festivalının qalibi olub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən “Tələbə baharı” XIII ümumrespublika tələbə-yaradıcılıq festivalının nəticələri açıqlanıb. Onlayn seçim mərhələsində qaliblər musiqi (janrlar üzrə), xalq mahnıları, klassik musiqi (vokal), estrada və pop musiqisi, muğam, rok, rəqs (janrlar üzrə), milli rəqslər (solo), müasir rəqslər (solo), dünya xalqlarının rəqsləri üzrə müəyyən edilib.
Festivalda Bakı Dövlət Universitetinin geologiya fakültəsinin III kurs tələbəsi Kənan Məmmədli estrada musiqisi janrı üzrə birinci yerə layiq görülüb.
Qeyd edək ki, “Tələbə baharı” yaradıcılıq festivalı Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən ali təhsil müəssisələrinin tələbələri arasında hər il keçirilir. 2011-ci ildən etibarən festival Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə təşkil olunur. Festivalın keçirilməsində məqsəd tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səyləri gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.
Festivalın qala-konserti mayın 29-da təşkil ediləcək.