“BAKI KONSENSUSU”NUN TƏDQİMATI KEÇİRİLMİŞDİR
“Excelsior” hotelində keçirilmiş təqdimat mərasimini giriş sözü ilə açan iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün dövlətimizin başçısı İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi inkişaf kursunun artıq öz bəhrəsini verdiyini, ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsinə yönəlmiş kompleks tədbirlərin müəffəqiyyətlə həyata keçirilməsi nəticəsində iqtisadiyyatın bütün sahələrində ciddi irəliləyişlərə nail olunduğunu vurğulamışdır.
Ölkəmizdə investisiya qoyuluşları üçün əlverişli şərait yaradıldığını və hazırda çoxsaylı şirkətlərin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edən S.Həsənova, əldə olunan gəlirlərin əhalinin rifahının daha da yaxşılaşdırılması üçün müvafiq sahələrə istiqamətləndirilməsi baxımından “Bakı Konsensusu”nun böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, Bakı Konsensusu”nun məqsədi qarşıdakı illərdə gözlənilən irihəcmli neft gəlirləri kontekstində mühüm siyasət seçimlərinin qiymətləndirilməsi işində hökumətə dəstək mexanizmi yaratmaqdır.
Sonra “Kopenhagen Konsensusu Mərkəzi”nin direktor müavini Henrix Meyer “Bakı Konsensusu” prosesinin təqdimatı ilə çıxış etmişdir.
Tədbirdə dövlət orqanlarının, elmi tədqiqat, gənclər və qeyri-hökumət təşkilatlarının, özəl sektorun nümayəndələri iştirak etmişlər.
“Bakı Konsensusu” təşəbbüsünün əsas nəticəsi Azərbaycanın üzləşə biləcəyi problemlərin ən optimal həlli yollarının prioritetləşdirilməsinə dəstək göstərilməsi olacaqdır. Bu istiqamətdə fəaliyyət göstərəcək 8 beynəlxalq ekspertdən, iki Nobel mükafatı laureatının da daxil olduğu qrup milli ekspertlərdən ibarət Şura ilə sıx əməkdaşlıq edəcəkdir.
“Bakı Konsensusu” prosesinin 2007-ci ilin sonunadək başa çatması nəzərdə tutulur.