Bakı məktəblərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 27 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, təhsil müəssisələrində “Xocalı qisasa səsləyir bizi”, “Xocalı faciəsini unutma!”, “Əsrin faciəsi”, “Xocalı zamanın güzgüsündə”, “Xocalı - xalqımızın qan yaddaşı”, “Xocalısız 25 il” mövzularında dərs, konfrans, mühazirə, “dəyirmi masa”, ədəbi-bədii kompozisiya və rəsm-sərgi müsabiqəsi təşkil edilib.
Tədbirlərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı faciəsi barədə söhbət açılıb, 25 il bundan əvvəl Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və Sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən söz açılıb.
Şagirdlər Xocalı faciəsinə həsr edilən şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Xocalı soyqırımı ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stend və guşələr, bülletenlər hazırlanıb, məktəblilər arasında “Xocalıların kədəri və ümidi”, “Bir yurd vardı-Xocalı” mövzularında bədii qiraət və inşa yazı müsabiqələri, “Xocalı faciəsi ədəbi irsimizdə” mövzusunda kitab sərgiləri keçirilib. Xocalı soyqırımı barədə filmlər nümayiş olunub, məktəblilərin və təhsil işçilərinin şəhid ailələri, Qarabağ müharibəsinin veteranları ilə görüşləri keçirilib.
Şagird və müəllimlərin “Ana fəryadı” abidə kompleksinə ziyarətləri təşkil olunub.