BAKI METROPOLİTENİNİN XƏTLƏRİNƏ DAHA 5 ƏDƏD YENİ VAQON BURAXILDI
Bakı metropoliteninin rəisi Tağı Əhmədov mərasimi açaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin Bakı metrosunun inkişafına göstərdiyi diqqət və qayğıdan danışmış, ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq, 2004-cü ildə də metropoliten üçün yeni texnika və avadanlıq alınması istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Bildirilmişdir ki, bu il Rusiyanın “Metrovaqonmaş” Açıq Səhmdar Cəmiyyətindən 25 ədəd yeni vaqon alınmış, onlardan 10-u ümummilli liderimiz Heydər Əliyevin ad günündə - mayın 10-da, digər 10-u isə sentyabrın 3-də xəttə buraxılmışdır. Ümumiyyətlə, son iki ildə Bakı Metropoliteninin polad magistrallarında istismara 75 ədəd yeni vaqon buraxılmışdır.
Ulu öndərimizin keçmiş SSRİ-nin ali hakimiyyətində təmsil olunduğu dövrdə Səhmdar Cəmiyyətə göstərdiyi diqqət və qayğını müəssisənin kollektivi tərəfindən unudulmadığını deyən Tağı Əhmədov bildirdi ki, bu səbəbdən də həmin vaqonlar Azərbaycana faktiki qiymətlərdən xeyli ucuz satılmışdır.
Çıxış edən digər natiqlər sərnişin nəqliyyatı sistemində son dərəcə əhəmiyyətli rol oynayan metronun yaradılmasında Heydər Əliyevin əvəzsiz xidmətlərini yada salaraq, Prezident İlham Əliyevin paytaxtın bu vacib nəqliyyat növünün inkişafına göstərdiyi diqqətdən razılıq etmişlər. Yeni vaqonların xəttə buraxılması sərnişinlərin vaxtında və təhlükəsiz daşınması üçün həyata keçirilən ciddi tədbirlərdən biri kimi qiymətləndirilmişdir.
Qırmızı lent kəsiləndən sonra Tağı Əhmədov yeni vaqonlar qoşulmuş lokomotivin açarını maşinistlərə təqdim etmişdir. Qatar mərasim iştirakçılarının alqışları altında yola salınmışdır.
Baş nazirin müavini Abid Şərifov mərasimdə iştirak etmişdir.