Bakı Mühəndislik Universitetində soyqırımı qurbanlarının xatirəsi anılıb
Xırdalan, 30 mart, Ətrabə Rzayeva, AZƏRTAC
31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Bakı Mühəndislik Universitetində (BMU) tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, dövlət himni oxunub.
Sonra soyqırımı hadisələrini əks etdirən sənədli film nümayiş olunub.
Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov 1918-ci ilin mart soyqırımından danışaraq bildirib ki, ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc mülki azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər. Kəndlər, şəhərlər yandırılıb, talan olunub, əhaliyə amansız işgəncələr verilib.
Vurğulanıb ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər dünyaya bəyan edilərək bu qanlı əməllərə düzgün siyasi qiymət verilib.
Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edərək bildirib ki, gənclər xalqımıza qarşı törədilən bu faciələri bilməli və gələcək nəsillərə ötürməlidirlər.
Soyqırımı mövzusunda tədqiqatlar aparan “Şərq” qəzetinin baş redaktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Akif Aşırlı Böyük Britaniya, Türkiyə, İran kimi dövlətlərin arxivlərində 31 Mart soyqırımı ilə bağlı sənədlərdə üzə çıxardığı faktlardan danışıb.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə ermənilərin xarici qüvvələrə alət olaraq öz mənafeləri üçün tarixən xalqımıza qarşı belə soyqırımları törətdiklərini vurğulayıb.