Bakı Nəqliyyat Agentliyi qaydaları pozan sürücü barədə tədbir görüb
Bakı, 8 yanvar, Elvin Camalov, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi qaydaları pozan sürücü barədə tədbir görüb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, 187 nömrəli müntəzəm marşrut xətti üzrə (Zirə qəsəbəsi-Koroğlu metro stansiyası) avtobusun sürücüsünün hərəkətdə olan zaman mobil telefondan istifadə edərək yol hərəkəti qaydalarının kobud şəkildə pozmasına dair məsələ nəzarətə götürülərək araşdırılıb. Qayda pozan avtobus sürücüsünün Əliyev Natiq Babal oğlu olduğu müəyyən edilib.
Törətdiyi xətalara görə barəsində müvafiq inzibati tədbirlərin görülməsi üçün sürücünün sənədləri və digər zəruri məlumatlar Dövlət Yol Polisinə təqdim edilib. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi (təhlükəsizlik kəmərini bağlamadan avtobusu idarə etdiyinə) və 342.6-cı maddəsinə (nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etdiyinə) görə sürücü Natiq Əliyevə qarşı inzibati xəta haqqında protokol tərtib edilib.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən daşıyıcı şirkətə də ciddi xəbərdarlıq edilib.