SİYASƏT
BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİNƏ
Bismillahir-rəhmanir-rəhim!
10 avqust 2001-ci il tarixində mən məhkəməyə müraciət edərək, “Etimad” qəzetinin 28 iyul 2001-ci il tarixli nömrəsində dərc olunmuş yazıda şərəf və ləyaqətimin təhqir olunması ilə əlaqədar, həmin qəzetin baş redaktoru Quliyev Etibar Mansur oğlunun və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdim.
Məni bu addımı atmağa vadar edən əsas o idi ki, bu təhqir təkcə mənə qarşı deyil, İslami dəyərlərə, Azərbaycan xalqının mənəviyyatına qarşı yönəlmiş əməldir. Təsadüfi deyil ki, bu nalayiq hərəkət geniş ictimaiyyət, hətta Etibar Quliyevin öz həmkarları olan jurnalistlərin arasında da böyük etiraz doğurmuş və onları hiddətləndirmişdir.
Bütün bunların zirvəsi olaraq Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri Heydər Əlirza oğlu Əliyev millətin mənəvi dəyərlərinin qorunmasının təminatçısı kimi bu məsələyə də biganə qalmamış və baş verənlərlə bağlı xüsusi bəyanat verməyi lazım bilmişdir. Dövlət başçısı xüsusilə vurğulamışdır ki, “ Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.
Qeyd edirəm ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar şurası, Elmi-dini şurası və səlahiyyətli nümayəndələrinin birgə iclasında qəzetin bu nalayiq hərəkətləri pislənmiş, bunlar Azərbaycan xalqına mənəvi təcavüz kimi qiymətləndirilmiş və respublika Prezidentinin bəyanatı dəstəklənmişdir.
Prezidentimizin və Azərbaycan xalqının ümumi rəyi belədir ki, mənəvi və dini dəyərlərimizin qorunması bu gün dövlətimiz və xalqımız qarşısında duran ən ümdə məsələlərdəndir. Bütün bunlar sübut edir ki, xalqımız və dövlətimiz ümumbəşəri dəyərlərin qorunmasında yekdildirlər və bu qüvvəyə qarşı çıxan hər bir şəxs məğlubiyyətə məhkumdur.
Mən, müdrik dövlət başçımız cənab Heydər Əliyevə və öz mənəviyyatının keşiyində ayıq-sayıq dayanmış Azərbaycan xalqına, ziyalılara, dindarlara dərin minnətdarlığımı bildirirəm. Çox təqdirəlayiq haldır ki, böyük jurnalistlər ordusu bu məsələyə münasibətdə prinsipial mövqe tutaraq, haqq-ədaləti müdafiə etmiş, Etibar Quliyevin və onun kimilərin təqsirini dərk edərək, əsl qələm əhlinə layiq hərəkət etmişlər.
Hər bir insan üçün ən böyük cəza - xalq məzəmmətidir. Belə hesab edirəm ki, Etibar Quliyev və digərləri artıq bu ağır cəzanı almışlar. Bir amil də nəzərə alınmalıdır ki, “Etimad” qəzetinin baş redaktoru öz əməllərindən səmimi peşman olmuş, günahlarını etiraf etmiş, bu və ya digər şəkildə məndən və geniş ictimaiyyətdən üzr istəmişdir.
Islam mərhəmət və şəfqət dinidir. Mən, bu müqəddəs dəyərlərə sadiq olaraq, Qafqaz müsəlmanlarının ali dini rəhbəri kimi, humanist prinsipləri rəhbər tutub, Quliyev Etibar Mansur oğluna və digərlərinə qarşı ittiham ərizəmi gerir götürür, onların barələrində cinayət işinə xitam verilməsini xahiş edirəm.
Hörmətlə,
Şeyxülislam
Allahşükür Paşazadə,
Qafqaz Müsəlmanları İdarəsinin sədri
21 alvqust 2001-ci il