ELM VƏ TƏHSİL
BAKI SLAVYAN UNİVERSİTETİNDƏ GÖRÜŞ
Bu dəfə BSU-nun qonağı Ukrayna Dövlət Millətlərin İşləri və Miqrasiya Komitəsinin sədri Gennadi Moskal oldu.
BSU-nun Ukrayna mədəniyyəti mərkəzində qonaqları Ukrayna milli geyimlərində olan tələbələr qarşıladılar. Universitetin salonunda professor –müəllim heyəti və tələbələrlə görüş oldu. BSU-nun rektoru, professor Kamal Abdullayev qonaqları səmimiyyətlə salamlayaraq, universitetin fəaliyyəti və əlaqələri barədə məlumat verdi.
O dedi ki, Slavyan Universiteti MDB məkanında slavyan xalqlarının dil, ədəbiyyat və mədəniyyətlərinin öyrənilməsi sahəsində genişmiqyaslı iş aparan, bir çox ölkələrin ali məktəbləri ilə möhkəm əlaqələr yaratmış yeganə ali məktəbdir. Universitetin nəzdində Ukrayna və Rusiya mədəniyyət mərkəzləri fəaliyyət göstərir, yaxın vaxtlarda daha bir neçə mərkəz açılacaqdır. Rektor vurğuladı ki, ölkələrimiz arasında möhkəm qarşılıqlı anlaşma yaranmışdır və biz bir-birimizin uğurlarına sevinirik. Bizi bu da sevindirir ki, ölkələrimiz arasında imzalanmış müqavilələr işləyir – fəal tələbə mübadiləsi aparılır. Bu işdə bizə Ukraynanın Azərbaycandakı səfiri Boris Aleksenko kömək edir. Rektor nəzərə çarpdırdı ki, BSU-nun ukraynaşünaslıq fakültəsində 30-a yaxın tələbə təhsil alır, onlar Ukrayna dilini, ədəbiyyatını, mədəniyyətini, Konstitusiyasını və qanunlarını öyrənirlər.
Gennadi Moskal dedi ki, Ukraynada yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan ukraynalılar hər iki ölkəni öz vətəni bilirlər. Bizim əlaqələrimiz çoxəsrlik tarixə malikdir. Bu yaxınlarda Ukrayna Azərbaycanın 300-dən artıq müharibə iştirakçısını “Vətənin müdafiəçisi” medalı ilə təltif etmişdir.
Görüşdə respublikada jurnalist və yazıçı kimi tanınmış, Böyük Vətən
müharibəsinin iştirakçıları haqqında 25-dən artıq kitabın müəllifi, müharibə veteranı A.Qritçenkonun gördüyü böyük işlərdən də söhbət açıldı. Bu yaxınlarda onun Bakı hospitallarında ölmüş və burada torpağa tapşırılmış insanlara həsr etdiyi “Həlak olanların əbədi xatirəsi” adlı kitabı işıq üzü görmüşdür. İki min nəfərə yaxın olan həmin adamlar arasında azərbaycanlılar, ukraynalılar, ruslar, gürcülər də var.
Azərbaycandakı Ukrayna icmasının nümayəndələri, veteranlar öz çıxışlarında ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsində prezidentlər Heydər Əliyevin və Leonid Kuçmanın böyük xidmətlərini xüsusi vurğuladılar.
Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Boris Aleksenko iştirak edirdi.